...

İsa Həbibbəyli: Yenilənmiş parlamentin formalaşmasını gündəmə gətirmək zəruridir

Siyasət Materials 28 Noyabr 2019 16:00 (UTC +04:00)
Azərbaycanda bir çox sahələrdə aparılan islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir.
İsa Həbibbəyli: Yenilənmiş parlamentin formalaşmasını gündəmə gətirmək zəruridir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bir çox sahələrdə aparılan islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir.

Bunu Trend-ə Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir:

"Son vaxtlar daha çox icra strukturlarında baş verən islahatlar bunun cəmiyyətin inkişafı üçün faydalı olduğunu sübuta yetirdi. Bundan əvvəl Milli Məclisdə hüquq siyasəti üzrə qanunların təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin təklifləri əsasında da məsələlərə baxıldı. Bu da öz növbəsində məhkəmə orqanları sferasındakı islahatların cəmiyyətimiz üçün səmərəli olduğunu isbatladı. Bu səbəbdən islahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir. Bu islahatlar yalnız ölkəmizin bundan sonrakı inkişafına xidmət edə bilər”.

Komitə sədri qeyd edib ki, digər sahələrdə olan islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını gündəmə gətirməyi zəruri edir.

İ.Həbibbəyli hesab edir ki, parlamentin buraxılması və yeni seçkilərə start verilməsi ölkəmizin müstəqillik dövrü inkişafının yeni bir tarixi mərhələsinə başlamaq üçün atılacaq zəruri addımlardan biridir:

“Biz parlamentin buraxılması qərarını dəstəkləyirik. Hesab edirəm ki, seçki ilə əlaqədar aparılacaq təbliğat kampaniyası Prezident İlham Əliyevin ölkə miqyasında apardığı islahatların təbliğinə həsr olunmalıdır. Bu istiqamətdə böyük maarifləndirmə işlərinin aparılması seçki kampaniyasına müsbət təsir edər".

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti