...

Vüqar Rəhimzadə: Azərbaycan dünyanın ən güclü ölkələrindən biridir

Siyasət Materials 18 Dekabr 2019 15:59 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilən siyahı Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan cari ildə əldə etdiyi uğurlara görə Avropa İttifaqının Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliya kimi ölkələrini geridə qoyub.

Bunu Trend- YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, reytinq məlumatına görə, Azərbaycan nəinki Cənubi Qafqazın lider ölkəsi statusunu qoruyub saxlayır, eyni zamanda, Avropa İttifaqı ölkələrinin bir çoxunu müxtəlif sahələrdə üstələməkdədir. O deyib: “Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Sirr deyil ki, Azərbaycan hazırda nəinki regionda həyata keçirilən layihələrin əsas iştirakçısı, hətta qitələri birləşdirən nəqliyyat, Avropa qitəsinin enerji təhlükəsizliyini nəzərdə tutan təbii qaz layihələrinin təşəbbüskarı və aparıcı tərəfi kimi çıxış edir”.

“Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət, siyasi sabitlik, investisiya imkanlarının geniş olması Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxarıb. Üstəlik, zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqe ölkəmizə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməyə imkan verib”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, 1994-cü ildə bir sıra dünya səviyyəli transmilli şirkətlərlə imzalanmış möhtəşəm neft sazişi – “Əsrin müqaviləsi” ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox beynəlxalq, regional təşkilatlarla, dünya ölkələri ilə uzunmüddətli dostluq və əməkdaşlıq üçün möhkəm təməl yarandı. Ərazisinin 20 faizinin işğal olunması, regiondakı kataklizmlər Azərbaycanın davamlı inkişafına mane ola bilmədi. 1990-cı illərin ortalarında əldə edilmiş siyasi sabitlikdən sonra ölkə davamlı iqtisadi islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə önəm verərək neft-qaz və qeyri-neft-qaz sektorlarının inkişafına nail oldu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının inam və uğurla həyata keçirilməsi o dövrdə dərin iqtisadi və siyasi uçuruma yuvarlanmış ölkənin qəddini düzəltdi. Qısa müddətdə nəhəng layihələr gerçəkləşdi, tamamilə yeni neft-qaz infrastrukturu quruldu. “Əsrin müqaviləsi” imzalanandan cəmi üç il sonra layihə çərçivəsində ilkin neft əldə olundu. Çox keçmədən Ulu Öndərin və dünyanın müxtəlif yerlərindən gəlmiş mötəbər qonaqların iştirakı ilə üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməli qoyuldu. “Şahdəniz” kəşf olundu, böyük perspektivə malik bu qaz-kondensat yatağının işlənməsinə qərar verildi.

BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. Azərbaycan eləcə də dünyanın mühüm nəqliyyat layihələrinin iştirakçısı oldu, nəticədə “Şərq-Qərb”, “Şimal-Cənub” marşrutları üzrə önəmli qovşağa çevrildi. Ölkəmiz Xəzərin dənizindən Adriatik dənizinin sahillərinədək uzanan 3500 kilometrlik qaz dəhlizi açdı. Hətta dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatının inkişaf tempinə təsir edə bilmədi. Xam neftin qiymətlərində müşahidə edilən dalğalanma ilə bağlı çağırışlara cavab olaraq Azərbaycan dövləti strateji islahatlar üçün yeni hədəflər, ölkənin gələcək dayanıqlı inkişafına töhfə vermək məqsədilə yeni inkişaf modeli müəyyənləşdirdi. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2015-ci ildəki 80-ci yerdən 2019-cu ildə 25-ci yerə qədər irəliləyib dünyanın ən yaxşı islahatçı ölkələri sırasına daxil oldu.

Bütün sahələrdə infrastruktur layihələri həyata keçirilib. Vaxtilə insanları ən çox narahat edən məsələlərdən biri qazın olmaması idi. İndi ölkədə qazlaşdırılmayan yaşayış məntəqələri cəmi 3-4 faizdir. Elektrik enerjisi sarıdan heç bir problem yoxdur. Azərbaycan indi işıqla nəinki əhalini, sosial, istehsal, xidmət təyinatlı obyektləri təmin edir, hətta onu xaricə də ixrac edir. On beş min kilometrdən çox avtomobil yolunun tikilməsi bölgələrdə həyatın canlanmasına səbəb olan əsas amillərdən biridir. Bu, həm də turizmin inkişafına təkan verir. İldən-ilə daha yüksək göstəricilər əldə edən aqrar sektor üçün də yolların əhəmiyyəti böyükdür. Ölkənin sənaye xəritəsində iri müəssisələrin sayı ildən-ilə çoxalır.

Azərbaycanın dünya siyasətində nüfuzu, təşəbbüsləri ilə fərqlənən, sayılıb-seçilən sabit ölkə olduğunu vurğulayan Vüqar Rəhimzadə bildirib: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin görüşlərinə mütəmadi olaraq ev sahibliyi edir. Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatın Sammiti üçün Azərbaycanın seçilməsi ölkəmizin dəstəklənən müstəqil xarici siyasətinə olan inam və hörmətin göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti