Bakı. Samir Əli - Trend:
Azərbaycanda icra başçılarının fəaliyyətinə və ya fəaliyyətsizliyinə yeni və daha tələbkar münasibət dövrü başlandı.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, dövlətin əmlakına və ictimaiyyətin mənafelərinə talançı nəzərlərlə baxan məsuliyyətsiz başçıların dövranı bitir və bu cür şəxslərin həmişə cəzasız qalacaqlarına uyaraq ruhdan düşən milyonlarla sadə insanlarımızın xəyal qırıqlığına son qoyulur: "Prezidentin qətiyyəti və iradəsi ilə görülən son cəza tədbirləri kifayət qədər obyektiv və əsaslı olmaqla milyonlarla insanın ürəyindən xəbər verdi. Təkcə başçıları cəzalandırılmış rayonların ictimaiyyəti yox, həm də bütün digər bölgələrin sakinləri də özbaşına məmurların haqq etdikləri cəzalandırma prosesini maraqla izləyir və Azərbaycanda yüzlərlə vətəndaş öz yaşadığı bölgədə də haqq-ədalətin oxşar şəkildə təntənə çalacağını səbrsizliklə gözləyir. Prezidentin "məmurlara cəza təkcə inzibati xarakterdə olmayacaq" kimi öncədən xəbərdarlığından lazımi nəticəni çlxarmayanların obyektiv cəzadan yaxa qurtarmaq şansı olmayacaq.
Baş redaktor bildirib ki, icra başçılarının sahibkarlara qarşı qanunsuz təqib və talançı fəaliyyəti Prezidentin iqtisadiyyatı şaxələndirmək, iqtisadiyyatda özəl srktorun payını artırmaq, ölkənin ixracatını və valyuta gəlirlərini çoxaltmaq, beləliklə də son nəticədə insanların rifahını yaxşılaşdırmaq kimi strateji kursunun köklərini qazımaqdan başqa bir şey deyil: "Dövlət büdcəsindən kasıblara dəstək məqsədi ilə ödənişli ictimai işlər adı altında ayrılmış vəsaitlərin mənimsənilməsi ümumiyyətlə insanlıq ölçüləri ilə qəti bir araya sığmayan qeyri-etik və qeyri-humanist iş üsuludur. Prezidentin hər dəfə başçılara xalqla sayqılı davranmağı, sadə olmağı, rüşvətə uymamağı, sahibkarlara şərait yaratmağı, xalqın xidmətçisi olmağı öyrətdiyi bir faktdır. Lakin bu gün bir sıra başçıların cəzalandırılması sübut edir ki, özünün qanunsuz, qeyri-etik, qeyri-insani və talançı iş üsullarından əl çəkməyən məmurlar hələ də var. Yuxarı icra məmurları Prezidentin tövsiyyə və anlatmalarına yetərincə məsuliyyətli yanaşa bilsələr, belə ağrılı karyera sonluqlarından yan keçə bilərlər. İcra başçılarına işlədikləri bölgələrə xaricdən investisiyalar cəlb etmək üçün təşəbbüskar olmaları üçün dəfələrlə çağırışlar edilib. Bu istiqamətdə Prezidentin etimadını doğrultmaq üçün heç olmasa bircə nümunə ortaya qoymaq əvəzinə, el malına əl qoymağın cəzasının ağır olacağını əvvəldən bilməli idilər".
Ekspert deyib ki, icra başçılarının antixalq fəaliyyətləri ölkənin daxili sosial-iqtisadi siyasətinə zərbə vurmaqla bərabər, dövlətimizin beynəlxalq imicini də ciddi təhlükələrə atır, əsas götürdüyümüz sosial dövlətçilik kursuna kölgə salır: "Azərbaycan Prezidentinin dərin xalq etimadına söykəndiyi beynəlxalq reytinq siyahılarında da birmənalı ifadə olunur. Təkcə bu fakt çox qəti bir qənaətə gəlməyə əsas verir ki, rüşvətxor və talançı başçılar ölkəmizdə sabitliyin mütləq qarantı olan Prezident-xalq birliyinin əsaslarını təhlükəli şəkildə hədəfə gətirirlər.
Qanunsuz işlər görən başçıların cəzalandırılması xalqın iradəsinə uyğundur və bütün icra başçılarını dürüst və şəffaf fəaliyyətə səsləməkdə ciddi təsir gücünə malikdir. Prezident bu qərarları ilə "oğru cəzalanmalıdır" kimi böyük ədalət prinsipinin məğlubedilməz olduğunu nümayiş etdirdi".
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.