...

Prezident İlham Əliyev: Bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq

Siyasət Materials 14 Yanvar 2020 02:15 (UTC +04:00)
Əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək.
Prezident İlham Əliyev: Bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq

Bakı. Trend:

Əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək.

Trend-in məlumatına görə, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib:

"İndi 2020-ci il başlayıb, uğurla başlayıb. Deyə bilərəm ki, bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə imzalanıb, İcra Müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni, özü də 9 ən böyük şirkət Azərbaycana bərpa olunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin.

Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti