...

Lidiya Bradara: Seçki prosesində qadınların sayının çoxluğu olduqca müsbət haldır

Siyasət Materials 9 Fevral 2020 16:15 (UTC +04:00)
Bu gün Azərbaycanda səsvermə hüququ olanların əksəriyyəti parlament seçkilərində iştirak edir.
Lidiya Bradara: Seçki prosesində qadınların sayının çoxluğu olduqca müsbət haldır

Bakı. Trend:

Bu gün Azərbaycanda səsvermə hüququ olanların əksəriyyəti parlament seçkilərində iştirak edir. Azərbaycan xalqı öz namizədlərinə səs verir. İnanıram ki, seçkilər uğurla başa çatacaq və 2020-ci il fevralın 9-u Azərbaycan xalqının tarixinə ən uğurlu günlərdən biri kimi yazılacaq.

Trend-in məlumatına əsasən, bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Lidiya Bradara deyib.

Deputat bildirib ki, saat 13:30-dək 6 seçki məntəqəsində səsvermənin gedişini izləyib və heç bir qayda pozuntusu ilə rastlaşmayıb.

Seçkilərin demokratik şəraitdə keçirildiyini diqqətə çatdıran beynəlxalq müşahidəçi seçki prosesində təşkilatçı və müşahidəçi qismində iştirak edən qadınların sayının çoxluğunu xüsusi vurğulayıb. Müşahidəçi qismində bir çox Avropa ölkələrində olduğunu deyən deputat Azərbaycanda seçki prosesində qadınların sayının çoxluğunu olduqca müsbət hal kimi dəyərləndirib.

Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Bosniya və Herseqovina parlamentinin üzvü deyib: “Azərbaycana ilk dəfədir gəlirəm. Ölkəniz haqqında oxusam da, onu görməmişdim. Bakı çox müasir şəhərdir və Şərqlə Qərbin, keçmişlə müasirliyin əlamətlərini özündə birləşdirir. Ölkəniz haqqında təəssüratlarım zəngindir”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti