...

Bəhruz Quliyev: Dairələrin nəticələrinin ləğv olunması demokratiyanın göstəricisidir

Siyasət Materials 15 Fevral 2020 10:20 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkiləri həqiqətən də xalqın iradəsini ifadə edib.
Bəhruz Quliyev: Dairələrin nəticələrinin ləğv olunması demokratiyanın göstəricisidir

Bakı. Samir Əli - Trend:

Azərbaycanda keçirilən parlament seçkiləri həqiqətən də xalqın iradəsini ifadə edib.

Bunu Trend-ə açıqlamasında “SƏS" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, həm aparılan sənədləşmə, təşviqat, həm də seçki prosesinin özü kifayət qədər demokratik dəyərlərə əsaslanmış, dünya standartlarına cavab verən seçki keçirildiyini göstərib:

“Bu, tək bizim yox, bütün beynəlxalq təşkilatların rəyidir. Hətta bütün dünyada keçirilən seçkiləri, siyasi prosesləri tənqid edən ATƏT-in Parlament Assambleyası da seçkilərin neqativ tərəfləri ilə bağlı öz tövsiyələrini versə də, rəyinin əsas hissəsi pozitiv elementlərə söykənib. Beynəlxalq təşkilatların və digər dövlətlərin parlamentlərindən gələn müşahidə missiyaları da sözün əsl mənasında Azərbaycanda keçirilən seçkilərin tam şəkildə xalqın marağını ifadə etdiyini öz rəylərində göstəriblər”.

Siyasi şərhçi qeyd edib ki, sözsüz, bütün dünyada keçirilən seçkilərdə neqativ hallar olur: “Heç bir ölkədə kamil, ideal seçki yoxdur. Çünki orada insan faktoru var. Aparılan işin insan amilinə söykəndiyi yerdə hər hansı çatışmazlıq, neqativ hal, texniki problem olmalıdır. Ona görə ki, seçilən də, seçən də, seçki prosesini keçirən də insandır və insanların hər biri eyni səviyyədə savadlı, öz hüquqlarını və seçki hüquqlarını bilən deyil. Məhz bütün bunlara görə də, bəzi məqamlarda texniki qüsurların yaranması qaçılmazdır.

Əgər seçkinin mahiyyətinə, ümumi ruhuna və seçkinin nəticələrinə əngəl törətmirsə, bu cür qüsurların olması problem yaratmır. Həyata keçirilən parlament seçkilərinin ümumi nəticələrinə nəzər saldıqda, seçkinin keçirilməməsi və ya uğursuz olması anlayışı yoxdur. Kifayət qədər mükəmməl seçki keçirilib, qüsurlar isə Cənab Prezident səviyyəsində dilə gətirilib və qeyd olunub ki, bu qüsurlarla bağlı araşdırmalar aparılmalıdır. Mərkəzi Seçki Komissiyasının da missiyalarından biri də məhz qüsurları araşdırmaq, onları aradan qaldırmaq və günahkarları qanunvericiliyə əsasən cəzalandırmaqdan ibarətdir”.

B.Quliyev vurğulayıb ki, 4 dairənin nəticələri ləğv olunub, lakin bunların sayı arta da bilər: “Lakin bu, o demək deyil ki, seçkinin ümumi nəticələri ləğv olunmalıdır. Dairələrin nəticələrinin ləğv olunması demokratiyanın göstəricisidir. Deməli, daxil olan şikayətlər sözün əsl mənasında araşdırılır və həmin şikayətlər nəzdində sözügedən məntəqədə qanun pozuntusu olubsa, lazımı addımlar atılır. Bu, demokratiyaya doğru atılmış növbəti addımdır. Bütün bunlar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır. Namizədlər öz işlərini qurarkən, təbliğat-təşviqatlarını apararkən, artıq onların qalib və ya məğlub ola biləcəkləri barədə ilkin təəssüratlar var idi. Bu da özlüyündə qeyri-adi bir hadisə deyil. Bu, siyasi mübarizədir və siyasi mübarizədə tərəflər bir-birinin əlini sıxmağı bacarmalıdırlar. Siyasi mübarizə məişət və ya şəxsi mübarizə predmetinə çevrilməməlidir. Lakin bəzi sifariş yerinə yetirən qruplaşmalar əvvəlcədən də seçki prosesi başa çatdıqdan sonra hansı addımları atacaqlarını planlayıblar. Bu nə xalqın, nə də namizədin fikridir. Bütün bunlar xaricdən gələn sifarişləri yerinə yetirən missionerlərin fikridir. Bu addımlar Azərbaycan vətəndaşlarının iradəsinə zidd addımlardır və xalq heç bir zaman siyasi müstəvini digər müstəvilərə çevirib manipulyasiya edərək dövlətin və xalqın əleyhinə istifadə etmək istəyən qüvvələrə icazə verməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti