Bakı. Trend:
Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında
sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda qeyd edilir:
"Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".