...

Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır

Siyasət Materials 29 Mart 2020 11:24 (UTC +04:00)
Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır
Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır

Bakı. Trend:

Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır.

Bunu Trend-ə açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

O bildirib ki, Tofiq Yaqublunun həbsi məsələsinə fərqli yanaşmalar mövcuddur:

"Hər hansı bir hadisə baş veribsə, deməli, əvvəlcə o, araşdırılmalıdır. Yalnız bundan sonra ona qiymət verilməlidir. Mən elə hesab edirəm ki, məsələyə hüquqi yanaşılmalıdır. Düşünürəm ki, hüquq-mühafizə orqanları da lazımi addımları atıb. İstənilən halda istintaqın nəticəsini gözləmək lazımdır.

Bəziləri hesab edirlər ki, Tofiq Yaqublunun həbsi qəsdən baş verib. Ümumiyyətlə, mən ölkədə heç kəsin həbsdə olmasını istəmərəm. Tofiq Yaqublunun həbsini həddən artıq şişirib siyasiləşdirmək tam yanlışdır. Hesab edirəm ki, hüquqi cəhətdən müvafiq qərar veriləcək".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti