...

Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir

Siyasət Materials 25 May 2020 20:10 (UTC +04:00)
1918-ci ilin 28 may tarixində 114 min kvadrat km. ərazisi olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı zamanı tariximizin ən şanlı, qiymətli dövrlərindən biri kimi adlandırmaq olar.
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir

Bakı. İlhamə İsabalayeva - Trend:

1918-ci ilin 28 may tarixində 114 min kvadrat kilometr ərazisi olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı, qiymətli dövrlərindən biridir.

Trend-in məlumatına görə, bunu AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bir çox xalqların həsəd aparacağı, örnək ala biləcəyi tarixi var: "Amma təəssüf ki, XIX əsrdə Azərbaycanın tarixi ciddi təzyiqlərə məruz qaldı və biz XX əsrin əvvəllərində arzuolunmaz bir vəziyyətə düşmüşdük. Artıq Azərbaycan xalqı bir neçə yerə parçalanmışdı. Öz torpaqlarımızda bizə qənim kəsilmək üçün bir erməni bəlası yetişdirilib inkişaf etdirilirdi. Mühüm mərkəzi şəhərimiz olan Bakı şəhəri tamamilə başqa millətlərin çoxluq təşkil etdiyi bir məskənə çevrilmişdi. Neftimiz, təkrarsız gözəl təbiətimiz, münbit torpaqlarımız bir çox xarici dövlətləri Bakı uğrunda mübarizəyə cəlb etmişdi. Azərbaycanı əldə etmək, bölüşdürmək üçün müxtəlif planlar qurulurdu. Rusiyada gedən siyasi proseslər, bu dövlətin zəifləməsi ilə yaranan xaotik vəziyyət Azərbaycan uğrunda mübarizə aparanları daha da şirnikləndirirdi".

Alim qeyd edib ki, bütün bunlara baxmayaraq, 28 May 1918-ci il tarixdə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi, demokratik bir dövlət olmağı bacardı. Məhəmməd Əmin Rəsulzadənin ideoloqu olduğu, əsasını qoyduğu bu dövlət türk və islam dünyasında ilk parlament respublikası, ilk demokratik, hüquqi və dünyəvi bir dövlət idi: "Ən mühümü isə o idi ki, bu dövləti idarə etmək üçün yüksək səviyyəli kadrlar var idi. Azərbaycanın müxtəlif bölgələrində doğulub boya-başa çatmış bu kadrlar hamısı gənc, savadlı, yüksək intellektli və ilk növbədə xalqını, millətini sevən, öz həyatlarını xalqın yolunda qurban verməyə hazır olan insanlar idi. Təəssüf ki, o zaman qazanılan müstəqilliyin ömrü cəmi 23 ay oldu. Amma bu qısa zaman xalqın taleyində çox böyük rol oynadı. Şimali Azərbaycanda hüdudları məlum olan bir dövlət müəyyənləşdi. Əhalidə böyük ruh yüksəkliyi yarandı. İnsanlarda milli şüur inkişaf etdi. Bu doğma dövlət devrilsə belə, insanların şüurunda müstəqillik bir reallıq kimi formalaşdı. Əgər ərazisi 114 min kv. km olan Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə onun başına nə oyunlar açacaqdılar, bunu təsəvvür etmək belə ürək ağrıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti