Bakı. Elçin Mehdiyev - Trend:
Prezident İlham Əliyevin Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı qabaqlayıcı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə imzaladığı fərman və sərəncamlar vəziyyətin qısa müddətdə nəzarətə alınmasını təmin etdi.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, dövlət başçısı üçün əsas məsələ insanların sağlamlığı, təhlükəsiz və təminatlı həyatıdır:
“Hazırkı çətin qlobal vəziyyətdə xüsusi tibbi avadanlıqların respublikaya gətirilməsi, tibbi maskaların, dezinfeksiyaedici vasitələrin ölkə daxilində istehsalının təşkili, yeni xəstəxanaların qurulması, insanların sosial müdafiəsi öz müsbət nəticəsini verməkdədir.
Görülmüş tədbirlər nəticəsində əhalinin sağlamlığı qorunaraq yoluxmaların miqyasının genişlənməsinin qarşısı alındı, qida təhlükəsizliyi möhkəmləndirildi, az təminantlı və ehtiyacı olan insanlara ərzaq yardımları edildi, vətəndaşların sosial müdafiəsi gücləndirildi.
Bütün bunlar imkan verdi ki, karantin rejimi mərhələli şəkildə yumşaldılsın və insanlar normal həyat fəaliyyətlərinə başlasınlar. Belə bir dövrdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə beynəlxalq videokonfranslar təşkil edildi, ölkələrin pandemiyaya qarşı “Biz birlikdə güclüyük” şüarı altında birgə mübarizəsinin vacibliyi qeyd edildi. Eyni zamanda Azərbaycan 29 ölkəyə humanitar yardım göstərdi”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın pandemiyaya qarşı fədakarlıqla mübarizəsi xalqın onlara inam və etimadını daha da gücləndirib:
“Bunu hər bir vətəndaş ifadə edir və minnətdarlıqla yazılan məktublar da bunun əyani sübutudur. Amma bu bəlaya tam qalib gəlmək üçün hər birimiz öz məsuliyyətimizi dərk etməli, karantin rejimi qaydalarına ciddi riayət olunmalı, maskalardan istifadə etməliyik. Həmişə xalqın əzablarından yararlanmağa çalışan şər qüvvələrin ölkəmiz, xalqımız haqqındakı iftira və böhtanlarına cavab olaraq Prezidentin ətrafında daha da sıx birləşməliyik. Birləşməliyik ki, bir olaq, torpaqlarımızı azad edək, millət və dövlət kimi əbədi və qürurlu olaq!”.