...

Arzu Nağıyev: Pandemiya dövründə Ermənistanda vəziyyət çox acınacaqlıdır

Siyasət Materials 17 İyun 2020 17:40 (UTC +04:00)
Arzu Nağıyev: Pandemiya dövründə Ermənistanda vəziyyət çox acınacaqlıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Son zamanlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dövlətlərdə böyük problemlər yaranmaqdadır. Məlum məsələdir ki, regionda ən acınacaqlı vəziyyət Ermənistandadır.

Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu gün Azərbaycan epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilir: “Azərbaycan az itkilər verərək vəziyyətdən çıxır. Bütün dünyada virus yayılır və bunun qarşısını almaq üçün dövlətlər tərəfindən müvafiq addımlar atılır. Əgər bu məsələlərə müqayisəli şəkildə nəzər yetirsək, görərik ki, pandemiya artıq Ermənistanda bir çox fəsadlara gətirib çıxarıb.

Azərbaycanla müqayisəli şəkildə götürsək, Ermənistanda vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Azərbaycan əhalisi 10 milyon nəfərdən çoxdur, Ermənistan əhalisi isə təxminən 2.9 milyon nəfərdir. Bizdə koronavirusa yoluxmanın ümumi sayı 10 mindən bir az artıqdır, Ermənistanda isə 18 mindən çoxdur. Həm müalicəsini davam etdirənlər, həm vəfat edənlərin sayına baxsaq, bizdə rəqəmlər Ermənistandan iki dəfə azdır. Həmçinin, Azərbaycanda testlərin sayı Ermənistandan beş dəfə artıqdır. Son yoluxmalar da Ermənistanda bizdən iki dəfə çoxdur. Gündəlik xərclənən maliyyə vəsaitinə baxanda da Azərbaycanla müqayisədə Ermənistan çox geridə qalır.

Bundan əlavə, Azərbaycan tək ölkə daxilində deyil, eyni zamanda beynəlxalq səviyyədə də pandemiyaya qarşı mübarizəyə dəstək göstərir. Belə ki, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar, İrana 5 milyon dollar, o cümlədən Çin, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova olmaqla cəmi 30 ölkəyə yardım edib”.

A.Nağıyev qeyd edib ki, pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halları baş verməyib: “Pandemiya dövründə Ermənistanda isə 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib. Abonentlər iqtisadi çətinliklərə görə ödəniş edə bilməyiblər. Bundan başqa, Azərbaycanda 570 xəstəxana, Ermənistanda isə cəmi 130 xəstəxana var. Ambulatoriya-poliklinika müəssisələrinin sayı, çarpayı sayı, on min nəfərə düşən həkimlərin, orta tibb işçilərinin sayı bizdə Ermənistandan dəfələrlə çoxdur”.

Deputat əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə sosial şəbəkələrdə paylaşımlarında vəziyyətin acınacaqlı olduğunu, yoluxanların sayının kəskin artacağını, eyni zamanda ölkədə hətta pandemiyadan sonra lokal şəkildə faciələrin baş verəcəyini də qeyd edir:

“Baxmayaraq ki, rəsmi rəqəmlər başqa cürdür, Ermənistanda hər gün 500-700 arası insan koronavirusa yoluxur. KİV-də də Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti bu cür izah edilir: Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə baş nazir Paşinyan verir, kollektiv qərar alma mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək.

Maraqlı məsələ odur ki, 1993-1996-cı illərdə baş nazir olmuş Hrant Baqratyan Ermənistanda koronavirusun geniş yayıldığı dövrdə televiziya kanallarının birində verdiyi müsahibədə belə deyib: “Mən Əliyevin yerində olsam, 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm”. Bu ifadə erməni ictimai rəyində ciddi narazılığa səbəb olub. Aparıcının “Siz faktiki olaraq Azərbaycan ilə müharibədən danışırsınız?” sualına cavab verən Baqratyan koronavirus səbəbi ilə ölkənin zəiflədiyini, bu səbəblə də Azərbaycanın sadəcə Qarabağa deyil, Ermənistana da hücum edə biləcəyini bildirib. Baqratyan bu ifadəsindən sonra təhdidlər alır, bəzi “vətənpərvərlər” onu ölümlə hədələyirlər.

Yəni bu gün Ermənistanda acınacaqlı bir vəziyyət yaranıb. Ermənistan koronovirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatı iflic vəziyyətə qalıb ki, bu da ölkə daxilində siyasi çəkişmələrə gətirib çıxarır. Həmçinin, Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan bir neçə rəqəmlər səsləndirib. O qeyd edib ki, komendatura yenidən 14 günlük karantin elan edərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək və böyük bir ehtimalla bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq. Yeqizaryanın sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi anti-böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir - onların sosial-iqtisadi problemlərini həll etmir.

Yəni pandemiya dövründə Ermənistanda vəziyyət çox acınacaqlıdır və bunun da qarşısını almaq üçün nə güclü iqtisadiyyat var, nə düzgün siyasət aparılır, nə də öz havadarlarına ümid olan Ermənistanın bu prosesdən üzüağ çıxacağı inandırıcıdır. Ermənistan böyük itkilər verəcək və bunu özləri də etiraf edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti