...

Ombudsman Aparatının əməkdaşları Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş onlayn beynəlxalq tədbirdə iştirak ediblər (FOTO)

Siyasət Materials 24 İyun 2020 19:38 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş onlayn beynəlxalq tədbirdə iştirak ediblər (FOTO)

Bakı. Trend:

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) təşkilatçılığı ilə 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş “COVID-19 dövründə müdafiə olunmaq hüququnun qorunması” mövzusunda onlayn beynəlxalq tədbir təşkil edilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, 70-dən çox iştirakçısı olan bu tədbirə təşkilatın Bakı ofisi də daxil olmaqla bir sıra ölkələrin nümayəndələri, eyni zamanda, Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Layihə rəhbəri Violeta Vaqner, ICMPD nümayəndəsi Kseniya Filipenko, Mərkəzin Tbilisi ofisinin layihə meneceri Tamar Kikvidze, Avropa İttifaqı və Beynəlxalq hüquq üzrə dosent Qalina Kornellis, Azadlıq, Təhlükəsizlik və Ədalət ixtisası, Avropa hüququ üzrə professor Yorrit Riypma, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Gürcüstan nümayəndəsi Kemlin Förli, habelə digər beynəlxalq ekspertlər qatılıblar.

“Sığınacaq və COVID-19: beynəlxalq və Avropa hüququ kontekstində ictimai sağlamlığın qorunması və sığınacaq hüququnun müdafiə edilməsi arasında balanslaşdırma” mövzusu üzrə məruzələrlə çıxış edən G. Kornellis və Y. Riypma müasir cəmiyyətin COVID-19 pandemiyası və iqtisadi çətinliklər dövründə əhalinin həssas qruplarından olan qaçqın, məcburi köçkün, miqrant, sığınacaq axtaranların düçar olduğu ağır şərait, sərbəst hərəkətin məhdudlaşdırılması, bundan irəli gələn problemlər və onların həlli sahəsində hüquqi müstəvidə yeni yanaşmalar və çıxış yolları barədə müzakirə aparıblar.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Turan Cahangirova və Şəbnəm Qəmbərova da iştirak və çıxış ediblər. Tədbir iştirakçılarını Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın adından salamlayaraq, Azərbaycanda qaçqın və məcburi köçkün probleminin ölkə üçün prioritet məsələ olduğunu, Ermənistanın etnik təmizləmə siyasəti və ölkəmizin ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, nəticədə həmin insanların bütün fundamental hüquqlarının pozulduğunu bildiriblər. Qeyd edilib ki, Müvəkkil məcburi köçkün ailələrinin problem və qayğılarını daim diqqətdə saxlayır, bu sahədə paytaxt və regionlarda genişmiqyaslı maarifləndirmə tədbirləri təşkil olunur, hazırkı qlobal pandemiya dövründə sosial məsuliyyətin artırılması istiqamətində media vasitəsilə mütəmadi şəkildə müvafiq məlumatların ictimaiyyətə çatdırılması təmin edilir.

Eyni zamanda, miqrasiya prosesləri iştirakçılarının hüquqlarının təbliği sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verilib. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqı (Aİ), BMT QAK, ICMPD və digər beynəlxalq qurumlarla mütəmadi olaraq aparılan məsləhətləşmələr və fikir mübadiləsi, Ombudsmanın müxtəlif dövlət qurumları ilə, o cümlədən Dövlət Miqrasiya Xidməti ilə birgə fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.

Tədbir panelistləri ICMPD tərəfindən həyata keçirilən Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE) layihəsi, “Miqrasiya araşdırması üzrə beynəlxalq yay məktəb”ləri, eyni zamanda “Miqrasiya” həftə-sonluqları, sənədlərin təhlükəsizliyinə dair təlimçilərin təlimləri və digər tədbirlərdə Azərbaycan Ombudsman Aparatının fəal iştirakı və irəli sürülən təkliflərə görə Azərbaycan Ombudsmanına öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı, onlar Azərbaycan Ombudsmanının miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin vəziyyətinin monitorinqi təcrübəsini bölüşməyə dəvət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti