...

Rusiyadakı diasporumuz gənc soydaşlarımızı ermənilərin təxribatlarına uymamağa çağırıb (FOTO)

Siyasət Materials 28 İyul 2020 15:48 (UTC +04:00)
Rusiyadakı diasporumuz gənc soydaşlarımızı ermənilərin təxribatlarına uymamağa çağırıb (FOTO)

Bakı. Trend:

Rusiyanın Azərbaycanlı İcmaları Konfederasiyasının evində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təmçilçiləri və fəalları ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, tədbirdə M.V.Lomonosov adına MDU-nun, MDBMİ, RXDU, Seçenov adına birinci MDTU, MDPU və s. ali məktəblərin tələbələri iştirak ediblər.

Görüşdə çıxış edən Rusiya azərbaycanlıları diasporunun sədri akademik Fazil Qurbanov qeyd edib ki, bu ölkədə azərbaycanlılarla ermənilər arasında baş verən hadisələr bütün ictimaiyyəti çox narahat edir. Qeyd edib ki, erməni seperatçıları tərəfindən son günlərdə törədilən təxribatçı hərəkətlər Rusiya cəmiyyətində millətlərarası sabitliyin qorunub saxlanılması məsələsinə meydan oxumaqdır. "İkinci vətən saydığımız Rusiyanın çoxmilyonlu azərbaycan diasporunun təmsilçiləri olaraq biz sülh və sabitliyin qorunması üçün əlimizdən gələni etməliyik. Rusiya qanunlarının aliliyinin təmin olunması, onların mütləq olaraq icrası RF ərazisində yaşayan hər bir şəxsin borcudur. Məhz buna görə biz Rusiyanın bu və ya başqa formada hər hansı təxribata çəkilməsinin əleyhinəyik", - deyə o, vurğulayıb.

F.Qurbanov deyib ki, çoxminillik tarixə, zəngin mədəniyyətə malik olan azərbaycanlılar dörd böyük dini inancın daşıyıcılarıdır və hər hansı təxribatda, qeyri-sivil əməldə, qarşıdurmada iştirak etməməlidirlər: "Haqq bizim tərəfdədir və bunu "yumruq"la sübut etməyə ehtiyac yoxdur. Cəsur və mərd əsgərlərimiz, müvafiq qüvvələrimiz erməni qəsbkarlarına güclü cavab verirlər. Bizim vəzifəmiz isə tarixi Vətənimizi onun hüdudlarından kənarda layiqincə təmsil etməkdir. Bir daha hər kəsdən xahişim budur ki, tolerantlıq, təmkinlilik və müdriklik nümayiş etdirsin".

Professor Kamran Rüstəmov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, Dövlət Dumasının Ekspertlər Şurasının üzvü İmaməli İmaməliyev, Rusiyada azərbaycanlı diasporunun nümayəndələrindən vəkil İlqar Hacıyev, iqtisad elmləri namizədləri Manaf Ağayev və Aybəniz Rüstəmova, RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov və RAGB-nin fəalları çıxış ediblər. Natiqlər bildiriblər ki, azğın, terrorçu meyilli erməni qaragüruhçu dəstələrinin dünya ölkələrində, o cümlədən Rusiyada yaşayan dinc azərbaycanlıların üzərinə hücum çəkməsi ürək ağrısı və ciddi təşviş doğurmaya bilməz. Vəziyyətin ölkənin ali rəhbərliyinin, RF hüquq müdafiə orqanları nümayəndələrinin nəzarətinə götürüldüyü, Azərbaycan diasporunun müraciətinin Dövlət Dumasına, Federasiya Şurasına, daxili işlər naziri V.Kolokolsevə, siyasi fraksiyalara göndərildiyi, gənclərimizlə erməni separatçıları arasında qarşıdurma salmaq cəhdlərinin qarşısının alınmasına çağırış edildiyi vurğulanıb.

Çıxış edənlər gəncləri şəxsi iddialara, zorakılığa, təxribatçı çağırışlara uymamağa, bütün azərbaycanlıların imicinə xələl gətirə biləcək hər hansı təxribatçı əməllərdə iştirakdan uzaq olmağa, bütün güclərini və intellektlərini erməni qəsbkarları haqqında həqiqətlərin sosial şəbəkələrdə və KİV-lərdə yayılmasına sərf etməyə çağırıblar. "Biz Telegram kanalı yaratmışıq. Burada Qarabağın ermənilər tərəfindən işğalı ilə bağlı tarixi materiallar, baş verən bütün hadisələr barədə hər gün dürüst informasiya almaq olar. Leyla xanım Əliyevanın sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi sizə bütün işlərinizdə dəstək olmağa hazırdır, biz daim yanınızdayıq!", - deyə C.Hüseynov bildirib.

Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıdığı bildirilib: "Həmin əraziyə, o cümlədən, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ da daxildir. Rusiyada rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Məhz buna görə hər birimiz sabitliyin qorunmasına və RF qanunlarına riayət olunmasına cavabdehik. Lakin bununla yanaşı tarixi köklərimizi də unutmamalıyıq", - deyə İlqar Hacıyev deyib.

Qeyd edilib ki, Rusiyanın azərbaycanlı diasporu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini və xarici siyasət kursunu tamamilə dəstəkləyir!

Dövlət Dumasının Ekspertlər Şurasının üzvü İmaməli İmaməliyev Rusiyanı və doğma Azərbaycanı sevən bütün həmvətənləri sülhə və dincliyə, əməyə və yaratmağa, vətəndaş həmrəyliyinə çağırıb. "Ölkələrimizin gələcək inkişafına və tərəqqisinə yalnız bu yolla nail olmaq mümkündür", – deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti