...

Deputat: Dövlət hər zaman sahibkarlarını dəstəkləyib, yanında olub

Siyasət Materials 25 Avqust 2020 10:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkə başçısı sosial islahlatlarla yanaşı, kadr islahatlarını da genişləndirir. Çünki bu iki sahə bir-biri ilə əlaqəlidir. Bu gedişatın davamlı olması zəruridir. Son proseslərdən göründüyü kimi artıq çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulur. Bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə başlanılıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, ölkəmiz sürətli inkişaf yolu keçir: “Bu inkişaf tendensiyasının qorunub saxlanılmasında dövlət başçısının iradəsi, qətiyyəti, uzaqgörənliyi ilə yanaşı, onun komandasının məsuliyyət və peşəkarlığı da xüsusi rol oynayır.

Cənab Prezidentin də qeyd etdiyi kimi dövlət strukturunun başdan-ayağa hər bir məmuru xalqa xidmət etməlidir. Vəzifə sui-istifadə üçün deyil, vətəndaşa xidmət üçün verilir. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. Təəssüf yaradan haldır ki, vəzifəli şəxslər bəzən xalqa xidmət etməyi unudur, əksinə öz fəaliyyəti ilə xalqla dövlət arasında uçurum yaranmasına şərait yaradır.

Dövlət hər zaman sahibkarlarını dəstəkləyib, yanında olub. Bunun nəticəsidir ki, bu gün dünya bazarında iri Azərbaycan investorları fəaliyyət göstərir. Bunun qarşılığında necə ki, dövlət məmurundan fəaliyyətində şəffaflıq tələb olunur, eləcə də sahibkarlar vergi məsələsində şəffaflıq göstərməlidir. Əks halda ölkə iqtisadiyyatına mənfi təsir edən kölgə iqtisadiyyat sistemi özünə inkişaf tapacaq. "Kölgə iqtisadiyyatı"nın genişlənməsi ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə birlikdə, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Bu problem hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından neqativ amil kimi qiymətləndirilir. Məhz "kölgə iqtisadiyyatı"nın ümumdaxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyə əsas mənfi amil kimi qiymətləndirilir”.

M.Cəfərov vurğulayıb ki, sahibkarların vergidən yayınmaq cəhdi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyinin azalmasına gətirib çıxardır: “Həmçinin bazar iqtisadiyyatı üçün ən vacib şərtlərdən olan rəqabətin inkişafına maneçilik törədilir, xarici investorların ölkə iqtisadiyyatına etimadının aşağı düşməsinə səbəb olur.

Ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, bəzi problemlərin olduğu reallıqdır. Son vaxtlar Azərbaycanda bu problemlərdən biri olan "kölgə iqtisadiyyatı"na qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında ölkə başçısının siyasi iradəsi dayanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti