...

Azərbaycanda elə bir gənc yoxdur ki, Qarabağda döyüşə hazır olmasın - Deputat

Siyasət Materials 16 Oktyabr 2020 09:47 (UTC +04:00)
Azərbaycanda elə bir gənc yoxdur ki, Qarabağda döyüşə hazır olmasın - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda hər bir cəbhədə fiaskoya uğrayan Ermənistan indi də dezinformasiyalar yaymaqla təşvişə düşmüş əhalisini nizama gətirməyə çalışır. Hərbçilərinin döyüşlərdən qaçması biabırçılığı yaşayan Ermənistan rəhbərliyi azərbaycanlıların guya hərbi xidmətdən yayınmaları kimi saxta məlumatlar yayır.

Bunu Trend-ə deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hazırda ordumuzda böyük ruh yüksəkliyi var: “Bu gün cənab Prezidentin rəhbərliyi altında əli silah tutan hər kəs Qarabağı işğaldan azad etmək üçün o torpaqlarda döyüşməyə hazırdır. Azərbaycan xalqı bir yumruq halında birləşib. Əsas burada gəncləri qeyd etmək olar, o gənclər ki, illərdir Ali Baş Komandanın əmrini gözləyirdi ki, silaha sarılıb, gedib düşməndən torpaqlarımızı azad etsinlər”.

Deputat həmçinin qeyd edib ki, düşmənlərimizdən fərqli olaraq illərdir ki, gənclərimizin hər tərəfli inkişafı üçün, o cümlədən, vətənpərvər ruhda böyüməsi üçün cənab Prezidentin sərəncamı ilə müxtəlif dövlət proqramları həyata keçirilib və onun nəticəsidir ki, bu gün heç kim ordudan yayınmaq barədə fikirləşmir:

“Bu yaxınlarda deputat seçildiyim Şəkidə olarkən müşahidə etdiyim o oldu ki, SHÇDX-nin qarşısında yüzlərlə gənc döyüşə getmək üçün növbəyə düzülmüşdü. Hətta bəziləri könüllü olaraq orduya aparılmadıqları üçün narazılıq edir və köməklik üçün mənə müraciət edirdilər. O baxımdan deyə bilərəm ki, bizdə heç vaxt belə problem yaşana bilməz.

Bizdə olan məlumata görə, Ermənistanda elə bir vəziyyət yaranıb ki, hətta bir batalyon da yaradılıb və bu batalyon döyüşmək istəməyənləri güllələyir. Yəni onlar zor gücü ilə bizim rəşadətli ordumuzun qarşısında maşınlara, torpağa, səngərə zəncirlənmiş əsgərlər saxlayıblar. Əlbəttə belə bir ordu ancaq məğlubiyyətə məhkumdur.

Biz inanırıq ki, belə vətənpərvər gənclərlə qələbəmiz o qədər də uzaqda deyil. Bu gün ordumuz rəşadəti və şücaəti ilə tarix yazır. Hərbçilərimiz hazırda döyüşkən ruhdadır. Xalq da ordumuzun arxasındadır və ona güvənir.

Hətta yaşı düşməyən insanlarımız da var ki, onlar siyahıya yazılıb və müharibəyə getməyə hazırdırlar.

Əlbəttə, bu bir həqiqətdir ki, biz hər birimiz bu gun Qarabağın azadlığı uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Çünki Qarabağ kimi yaramızın sağalmasına heç vaxt bu qədər yaxın olmamışıq. Belə bir dərdi əlbəttə ki, gələcək nəsillərə ötürməməliyik. Ona görə də onların saxta məlumatları sadəcə öz xalqlarını aldatmaq üçündür. Azərbaycanda hazırda elə bir gənc yoxdur ki, döyüşdən imtina etsin. Düşmənin ardıcıl zərbə almasının bir səbəbi əgər bizim mövcud hərbi gücümüzdürsə, digər səbəbi də elə vətənpərvər gənclərin orduda yer almasıdır. Onlarda isə bizimlə döyüşən maşınlara, torpağa, səngərə zəncirlənmiş “itlər”dir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti