...

Anti-Azərbaycan mövqeyi ilə seçilən ölkələr Azərbaycan kimi etibarlı bir tərəfdaşı itirdiklərini anlamalıdırlar - Politoloq

Siyasət Materials 8 Dekabr 2020 10:37 (UTC +04:00)
Anti-Azərbaycan mövqeyi ilə seçilən ölkələr Azərbaycan kimi etibarlı bir tərəfdaşı itirdiklərini anlamalıdırlar - Politoloq

Bakı. Elçin Mehdiyev - Trend:

Müharibədən sonra bərpa dövrü başlayır. Belə ki, genişmiqyaslı quruculuq işlərinə, ilkin infrastruktur layihələrinə start verilib. İşlərə Azərbaycan şirkətləri ilə yanaşı xarici investorlar da cəlb ediləcək. Bu istiqamətdə də Azərbaycan üçün dost hesab olunan ölkələrin şirkətləri artıq dəvət edilib.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın dost ölkələrlə olan münasibətlərini və əməkdaşlığını yüksələn inkişaf xətti üzrə davam etdirir:

“Müharibədən sonra Azərbaycana ilk səfər edən Avropa nümayəndə heyəti İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti oldu. Quruculuq işlərinə İtaliyanın simasında dost ölkələrin şirkətləri də qoşulacaq və bununla bağlı İtaliya tərəfinə artıq təkliflər də verilib. Nəzərə alsaq ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızı təsdiqləyən Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur, o zaman aydın olur ki, iki ölkə arasında əlaqələr siyasi, iqtisadi, digər sahələrdə sürətlə inkişaf edərək bu gün ən yüksək səviyyəyə çatıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Böyük hissəsi enerji resurslarına aid olan 2019-cu il üzrə dövriyyəmiz 6 milyard dollara çatıb. Növbəti illərdə qeyri-neft sektorunun da inkişafı nəzərdədir”.

Ş.Həsənova vurğulayıb ki, müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlər və hansı ölkələrdir:

“İtaliya nümayəndə heyətinin Azərbaycana səfəri bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Nümayəndə heyətinin həm Gəncəyə, həm Ağdama səfər etməsi və Ermənistanın törətdiyi hərbi cinayətlərini, bu dövlətin ölkəmizə qarşı terror siyasətini həyata keçirdiyini öz gözləri ilə görmələrinə imkan yaratdı.

Azərbaycan dost ölkələrin şirkətlərini işğaldan azad olunmuş bölgələrdə bərpa işlərinə cəlb edir. Yaxın gələcəkdə TAP layihəsinin istismara verilməsi bir tərəfdən İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirirsə, digər tərəfdən də Azərbaycanın beynəlxalq layihələr çərçivəsində də nə qədər etibarlı tərəfdaş olduğunu sübut edir. Bu baxımdan da bu zaman çərçivəsində anti-Azərbaycan mövqeyi ilə seçilən ölkələr Azərbaycan kimi etibarlı bir tərəfdaşı itirdiklərini anlamalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti