...

Ermənistandakı ağır böhran Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir – Deputat

Siyasət Materials 31 Dekabr 2020 11:28 (UTC +04:00)
Ermənistandakı ağır böhran Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir – Deputat

Bakı. Trend:

Bu gün Ermənistanda yaranmış ağır böhran vəziyyəti bu ölkənin uzun illər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Ermənistanda dərin siyasi, sosial-iqtisadi böhrana, mənəvi-psixoloji sarsıntıya səbəb olub, cəmiyyətdə ciddi fikir ayrılığı var və hətta vətəndaş müharibəsi ehtimalı da olduqca yüksəkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, müharibədən öncə də Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağır idi və elə Paşinyan hakimiyyətinin təxribatlara əl atmasının da səbəblərindən biri o idi ki, əhalinin diqqətini mövcud olan sosial-iqtisadi problemlərdən yayındırsın:

“Əlbəttə, müharibə Ermənistanda bu sosial-iqtisadi durum daha da ağırlaşıb, dərinləşib və hazırda ciddi siyası böhrana çevrilib. Azərbaycanın 44 günlük müharibədəki möhtəşəm qələbəsinin Ermənistan üçün zərbəsi çox ağır olub. Ermənistanın kapitulyasiyası ilə ermənilərdə uzun illərdir yaranmış mifologiya, “qəhrmanlıq obrazı”, onların ideoloji maşını param-parça oldu, eyni zamanda yüzilliklərlə qurduqları diaspora fəaliyyəti də param parça oldu, Azərbaycan qarşısında heç nə edə bilmədi.

Ermənistanın bugünki acınacaqlı vəziyyəti və Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə, istər diplomatik, istər iqtisadiyyat, istərsə də hərbi quruculuq sahəsində apardığı uğurlu siyasət Ermənistanda hakimiyyətdə olan insanlar tərəfindən etiraf olunur və bu, Ermənistan prezidenti Armen Sarkisyanın da etiraflarında özünü göstərir.

Armen Sarkisyan açıq şəkildə etiraf edir ki, 26 il bundan əvvəl Ermənistanın ordusu olsa da, bu dövr ərzində Azərbaycan ordu quruculuğu istiqamətdə böyük güc sərf edib, müasir texnologiyalar tətbiq edib, Ermənistan isə arzusunu reallıq kimi qəbul edib. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur”.

Deputat bildirib ki, ermənilər indiyə qədər xülyalara qapılaraq arzularını reallıq kimi qəbul edirdi, amma 44 günlük müharibə bunun tam əksini göstərdi:

“Digər tərəfdən Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, həmçinin informasiya və media müstəvisində də çox güclü siyasəti və məharəti Ermənistanı diz çökdürməyə vadar etdi və kapitulyasiyaya imza atmağa məcbur etdi. Əlbəttə ki, bu kapitulyasiya Ermənistan cəmiyyətində dərin mənəvi-psixoloji sarsıntı yaratdı, çünki ermənilər uzun illər ərzində hakimiyyətdə olanların yalanlarına uyaraq “məğlubedilməz sindromuna” qapılmışdılar.

Ancaq bu gün Ermənistan prezidenti də etiraf edir ki, ölkə çox ağır vəziyyətdədir, əhalinin sosial durumu acınacaqlıdır, həmçinin müharibədə ölənlərin ailələrinə, yaralananlara, Qarabağdan qaçan ermənilərə kömək göstərmək lazımdır, ancaq bunun üçün maliyyənin hardan tapılacağı bilinmir. Prezident etiraf edir ki, Ermənistan diz çöküb. Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir”.

S.Hüseynova bildirib ki, yaranmış bu vəziyyət Ermənistanın uzun illərdir apardığı işğalçılıq siyasətinin nəticəsidir: “Azərbaycan hər zaman bəyan edirdi ki, heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gec-tez istər sülh, istərsə də hərb yolu ilə öz torpaqlarını işaldan azad edəcək. Əgər Ermənistan zamanında bu çağırışlara əməl edib öz xoşu ilə torpaqlarımızdan çıxsa idi, bugünkü ağır durumla üzləşməzdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti