...

Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur

Siyasət Materials 26 Yanvar 2021 14:26 (UTC +04:00)
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur

Bakı. Trend:

Hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi. Məhz onların təşəbbüsü ilə bu baş verdi və müvafiq sənəd də imzalandı.

Ona görə sizin nazirliyinizin üzərinə böyük funksiyalar düşür. Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti