Bakı. Trend:
Fevralın 26-da Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlara, Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin gələcəyinə dair aydın strateji planlarına baxış oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı gününə təsadüf edən mətbuat konfransı Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzkar siyasətinin dünyaya çatdırılmasına daha bir imkan yaratdı. Ölkə Başçımızın 4 saat ərzində 50 suala dəqiq, faktlara əsaslanan cavabları Azərbaycanın mövqeyini, Cənubi Qafqazda əbədi sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfində olduğunu nümayiş etdirdi.
Beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Azərbaycan dövlətinin yeganə məqsədi tarixi ədalətin bərpa edilməsi, müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır. Davamlı sülhə nail olmaq hər zaman prioritet vəzifə kimi Azərbaycan dövlətçiliyində öndə gəlib.
İkinci Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar edilməsindədir. Mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur.
Sözsüz ki, davamlı, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq regionun inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Ölkə Prezidenti beynəlxalq mətbuatın nümayəndələrinə açıq şəkildə Azərbaycanın məqsədinin üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq olduğunu vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar öz növbəsində bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edir.