...

VI çağırış Milli Məclis ötən bir il ərzində kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərib - Fatma Yıldırım

Siyasət Materials 10 Mart 2021 17:46 (UTC +04:00)
VI çağırış Milli Məclis ötən bir il ərzində kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərib - Fatma Yıldırım

Bakı. Trend:

VI çağırış Milli Məclis ötən bir il ərzində kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərib.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Məlumdur ki, 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Yeni tərkibdə müxalifət partiyalarının sayı artdı ki, bu da ölkəmizdə demokratiyanın inkişafının, demokratik mühitin göstəricisidir”.

F.Yıdırım qeyd edib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi: “Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub”.

Millət vəkilinin sözlərinə görə, Milli Məclisin sədri qadın seçilməsi parlamentimizdə, xüsusilə də qadın millət vəkillərinin fəaliyyətinə stimul verir: “Parlamentin yeni rəhbərliyinin və komitə sədrlərinin müxtəlif partiyaları, siyasi təşkilatları təmsil etməsi Milli Məclisdə demokratik ab-havanı daha da gücləndirdi. Müasir, hüquqi dövlət və demokratik ölkə olan Azərbaycanda siyasi dialoq mühitinin gücləndirilməsi, bu prosesin inkişafı yönündə parlamentarilərin də üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesi siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox önəmlidir. Yeni tərkibli parlamentin formalaşması ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması və siyasi münasibətlərin, siyasi dialoqun inkişafında mühüm amildir. Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığını tərkib hissəsidir. Sədr Sahibə xanım Qafarovanın rəhbərliyi ilə ötən bir ildə parlament öz fəaliyyətini uğurla həyata keçirib. Milli Məclisin qanunvericilik təşəbbüsləri artıb, o cümlədən parlamentdə qadınların və gənclərin geniş təmsil olunması demokratik inkişafın mühüm göstəricisi kimi qanunvericilik fəaliyyətinə də öz töhfələrini verməkdədir”.

Deputat söyləyib ki, parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil edib. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul olunub. Faydalı diskussiyalar şəraitində dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə və rifahına xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər edilib. Milli Məclisin sessiyaları çərçivəsində deputatların xaricdəki həmkarları ilə videokonfrans formatında bir sıra görüşlər keçirməsi, müxtəlif məsələlərlə bağlı məhsuldar danışıqlar aparması parlamentimizin diplomatik uğurlarda mühüm rol oynadığını təsdiqləyir. Xüsusilə, Vətən müharibəsi dövründə deputatlarımız öz fəaliyyətlərini daha da gücləndirib, parlament rəhbərliyi səviyyəsində xarici ölkələrdəki həmkarlarımızla fəal təmaslar qurulub. Eləcə də, parlament adından dünya ölkələrinin parlamentlərinə çoxsaylı müraciətlər ünvanlanıb. Məqsəd Ermənistanın işğalçı, terrorçu mahiyyətini ifşa etmək, Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdan ibarət idi. Sevindirici haldır ki, parlament olaraq bu işin öhdəsindən layiqincə gələ bildik. Bütünlüklə, bu konteksdə Milli Məclisin ötən dövr üzrə fəaliyyətini qənəatbəxş hesab etmək olar. Parlamentin deputatları qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçiciləri ilə sıx təmasda oldular, onlarla davamlı görüşlər keçirildi, vətəndaşları narahat edən məsələlər dinlənildi və onların problemləri Milli Məclisin iclaslarında qaldırıldı, aidiyyəti orqanların rəhbərlərinə çatdırıldı. Biz bundan sonra da qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti