...

Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)

Siyasət Materials 20 Aprel 2021 14:14 (UTC +04:00)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)

Bakı. Trend:

Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”-nə qoşulub.

Diqqətə çatdırıldı ki, idarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.

Prezident İlham Əliyev “Qarasu” yarımstansiyasını işə saldı.

Qeyd edək ki, regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti