...

Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığı zəminində böyük hadisədir

Siyasət Materials 15 Sentyabr 2021 20:54 (UTC +04:00)
Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığı zəminində böyük hadisədir

Bakı. Elçin Mehdiyev – Trend:

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu tarixi qələbə ilə Azərbaycan həm müstəqilliyini təmin etdi, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu: “Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib”.

C.Osmanov qeyd edib ki, tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı bu gün daha böyük zirvələrə qalxıb.

Deputat vurğulayıb ki, Azərbaycan yenidən öz müstəqilliyini qazandıqdan sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoydu: “Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı. Həmin vaxtdan etibarən iki qardaş ölkə arasında siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başladı”.

Deputat vurğulayıb ki, son illər ərzində Azərbaycan-Türkiyə qardaşlığı özünün ən yüksək zirvəsinə çatıb: “44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olması, eyni zamanda Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın qardaş ölkəyə hər cür dəstək göstərməsi iki ölkə arasında qardaşlıq bağlarını daha da möhkəmləndirdi”.

C.Osmanov əlavə edib ki, iki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var: “Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən ulu öndər iki qardaş ölkə arasında münasibətlərin inkişaf etməsi istiqamətində böyük əmək sərf edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər istiqamətində mühüm addımlar ataraq iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxmasına nail olub”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti