...

Azərbaycan Vətən müharibəsinin ildönümünü qürurla qeyd edir - Ermənistan isə çaşqınlıq, ümidsizlik içindədir

Siyasət Materials 29 Sentyabr 2021 13:39 (UTC +04:00)
Azərbaycan Vətən müharibəsinin ildönümünü qürurla qeyd edir - Ermənistan isə çaşqınlıq, ümidsizlik içindədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlamasının bir ili tamam oldu. Uzun illər xəyallarla yaşayan Ermənistan cəmiyyəti bu müharibədə acı məğlubiyyətin psixoloji təsirindən hələ də çıxa bilməyib. Sentyabrın 27-də Azərbaycan xalqı vətən müharibəsində qəhrəmancasına şəhid olan övladlarını böyük ehtiramla yad etdi və bundan sonra da ölkəmizdə hər il 27 sentyabr Anım günü kimi qeyd ediləcək. Bu gün xalqımız üçün həm də qürurlu bir gündür, tarixi Zəfərə aparan bir yolun başlanğıcıdır.

Ermənistanda isə müharibənin birinci ildönümü – depressiya, çaşqınlıq, ümidsizlik şəraitində keçən matəm günü. BBC-nin “Yerevanda İkinci Qarabağ müharibəsinin bir illiyi ilə bağlı nə düşünürlər?” reportajı hər şeyi açıq şəkildə ortaya qoyur.

Ermənilər öz müsahibələrində məğlubiyyətin onlar üçün çox acı olduğunu qeyd edirlər. Erməni vətəndaş deyir: “Bu bir ili biz yaşamadıq, bu, bizim millət üçün bir rüsvayçılıqdır”.

Digər bir vətəndaş isə bu ilin çox çətin keçdiyini bildirib: “Deyərdim ki, bu acını zaman da sağaltmaz. İndi bizim şəhər boşdur, itkilərimiz çox oldu, nə etsək də əvvəlki şadlıq yoxdur. Ondan əvvəl də 3 günlük, 4 günlük müharibələr olmuşdu, amma bu müharibə tamam başqa idi”.

Verilən müsahibələrdən aydın olur ki, erməni cəmiyyəti hələ uzun illər sonra da bu psixoloji təsirdən çıxa bilməyəcək.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistanın məğlubiyyəti onların psixoloji və mənəvi deqradasiyasının hər keçən gün dərinləşməsi ilə davam edir:

“Sadə xalq artıq bu həqiqətləri açıq şəkildə dilə gətirir. Onlar açıq şəkildə etiraf edirlər ki, məğlubiyyət çox ağır yaşanır. Ermənilər demək olar ki, ötən ili ömürdən saymırlar, bu zamanı rüsvayçılıq, sağalmaz yara kimi xarakterizə edirlər. Etiraf edirlər ki, bu məğlubiyyət 44 günlük savaşdan daha ağırdır. Ermənilər məcbur olub sonda etiraf edirlər ki, Azərbaycan necə deyirdi elə də etdi”.

Politoloq vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsinin başlamasının ilk ildönümünü fəxr, qürur, şəhidlərinin xatirəsini əziz tutmaqla anırsa, bu ildönüm erməni tərəfi üçün tamamilə əks tendensiya ilə müşahidə olunur:

“Hər şeydən öncə o vurğulanmalıdır ki, Ermənistan bu qaçılmaz sonluğu və mövcud reallığı ən acı şəkildə yaşamaq üçün özü imkan yaratdı. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin ətrafında hər keçən gün daha da sıx birləşməklə öz torpağını işğaldan azad etmək uğrunda çalışmaqdan əl çəkmədi. 30 il ərzində başqa bir dövlətin ərazisini işğal edən bir dövlətin el dili ilə desək, sanki başını çobanının çomağına sürtərək, qaşınaraq, yenidən təxribatlar törədərək müharibəyə, təxribatlara cəhd etməsi göstərdi ki, bu dövlət başqalarının əlində alət olmaqdan bezmədi, usanmadı, işğal siyasətindən əl çəkmədi. İndi də onun ağır nəticələri ilə üz-üzədir.

Anım günü bizim üçün müqəddəs gündür, xalqımızın birliyinin daha da möhkəmlənməsi ilə qeyd olunur. Ermənistanda isə müharibənin birinci ildönümü – depressiya, çaşqınlıq, ümidsizlik şəraitində keçən matəm günü kimi qeyd olundu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti