...

18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur - Deputat

Siyasət Materials 18 Oktyabr 2021 16:24 (UTC +04:00)
18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Megdiyev - Trend:

Bu gün 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpasi Günüdür. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Milli Məclis “Müstəqillik Günü haqqında” qanunu qəbul edərək 18 Oktyabrı Dövlət Müstəqilliyinin Bərpasi Günü etdi. Bu düzəliş tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu düzəlişlər tarixi baxımından da mühüm əhəmiyyət kəsb edir: “Çünki dövlət başçısının da oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəyan etdiyi kimi, bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır.

Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu”.

30 il əvvəl baş verənlərə gəlincə, Vüqar İskəndərov bildirib ki, həmin vaxt hakimiyyətdə olanların gözləmə mövqeyi tutması da kimsənin yadından çıxmayıb: “Cənab Prezdentin bəyan etdiyi kimi, o zaman ilk olaraq Litva 11 mart 1991-ci ildə keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini elan etmişdi. Ondan sonra Gürcüstan – 9 aprel 1991-ci il, Latviya – 4 may, Belarus – 27 iyul, Estoniya – 20 avqust, Ukrayna - 24 avqust, Moldova - 27 avqust, Qırğızıstan - 31 avqust, Özbəkistan - 1 sentyabr, Tacikistan - 9 sentyabr, Ermənistan - 21 sentyabr, Türkmənistan - 27 sentyabr. Lakin Azərbaycan yalnız 18 oktyabrda bunu etdi. Yəni, bu qədər gözləmə mövqeyinə görə haqq qazandırmaq mümkün deyildi. Digər tərəfdən, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikalar çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Yəni, bu sualların fonunda gənc nəslə həqiqəti çatdırmaq və Milli Məclisin etdiyi düzəlişlərin tarixi əhəmiyyət kəsb etdiyini bildirmək vacibdir”.

Deputat onu da deyib ki, həmin vaxt Azərbaycanı idarə edənlərdən fərqli olaraq, Ulu öndər Heydər Əliyev respublikamızın gerçək müstəqilliyi uğrunda mübarizə aparırdı: “Məlum olduğu kimi, bu hadisədən bir il əvvəl, 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bunun tarixi videoları var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.

Qeyd etmək vacibdir ki, həmin vaxt respublikaya rəhbərlik edənlərin müti siyasət yürütməsinin əksinə olaraq Heydər Əliyev Naxçıvanda bu referendumun keçirilməsinə imkan vermədi. Yəni, bütün bunları bilmək və gənc nəslə çatdırmaq lazımdır ki, onlar bizim gerçək müstəqilliyimizə aparan yolların haradan keçdiyini bilsin. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti