...

Azərbaycanı 10 noyabr reallığına doğru aparan siyasət

Siyasət Materials 5 Noyabr 2021 14:00 (UTC +04:00)

Bakı. Trend:

Dünya tarixində önəmli hadisələrdən biri kimi qalacağı ilə yanaşı, 10 noyabr tarixi iki xalqın və iki dövlətin tarixinə fərqli rənglərdə və silinməz izlərlə əbədi olaraq yazılmış oldu. Azərbaycan xalqının tarixinə 44 günlük qalibiyyət, zəfər və cəsurluqla dolu salnamənin kulminasiyası və iki əsrlik itkilərə məruz qalmaq seriyasının sonunun rəsmiləşdirilməsi günü olaraq qızıl hərflərlə həkk olundu. Elə bu müddət ərzində Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik, xəyanət və təcavüz etmək hissləri ilə daim alışıb yanan və utopik arzularla yaşayan ermənilər üçün isə qara hərflərlə, sarsıdıcı məğlubiyyətə məruz qalıb əslində bəlkə də ilk dəfə reallıqla üz-üzə qaldıqları gün kimi tarixə yazıldı. Bəs həm bizi, həm də güclü siyasi, diplomatik, hərbi və digər istiqamətlərdə ciddi dəstəyə sahib olan Ermənistanı bizim şanlı, onların isə qanlı hesab etdikləri 10 noyabr tarixinə aparan amillər hansılar idi?

Münaqişənin ilk günündən haqlı olduğuna əmin olan və özünün haqqını ədalətli dünyadan tələb edən dövlətimiz və onun rəhbəri Prezident İlham Əliyev əmin oldu ki, təkcə haqlı olmaqla yaşadığımız dünyada ədaləti bərpa etmək mümkün deyil. Çünki, dünyada böyük güclərin onlar üçün haqla və ədalətlə müqayisədə ölçüyə gəlməz dərəcədə dəyərli olan böyük maraqları var. Ya bu maraqları təmin etmək üçün Ermənistan kimi marionetka olmalısan ki, bütün qanunsuz addımlarına göz yumulsun, ya da real olaraq güclü və müstəqi olmalısan ki, səninlə hesablaşılsın. Təbii ki, Azərbaycan ikinci yolu seçdi və bu istiqamətdə hər gün və hər saat yalnız irəli addımladı. 44 günlük ikinci Qarabağ müharibəsində müzəffər ordumuzun fasiləsiz olaraq yalnız irəli addımladığı kimi.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən keçmiş münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesini davam etdirməklə yanaşı, ölkəmizin potensialını bütün istiqamətlərdə, xüsusilə də iqtisadi və hərbi baxımdan gücləndirdi. Biz bu əsrin əvvəllərindən Azərbaycan olaraq təkcə danışıqlar prosesini davam etdirmədik, eyni zamanda xarici siyasət və diplomatiya sahəsində də böyük bacarığa və peşəkarlığa sahib olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesi sürətləndirib, beynəlxalq əlaqələrimizi daha da genişləndirdik. Müxtəlif mötəbər və söz sahibi olan beynəlxalq təşkilatlarda təmsilçiliyimizlə bağlı böyük uğurlara imza atdıq və bu yolla əhəmiyyətli məsələlərdə söz sahibliyinə yiyələndik. Belə təşkilatlardan olan BMT və onun müxtəlif qurumları, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlardır ki, onlar vasitəsilə haqlı mövqeyimizə dəstək verən çoxsaylı qətnamələr də qəbul edildi. Məhz bu uğurlu addımlarımız nəticəsində ikinci Qarabağ müharibəsində əldə edəcəyimiz möhtəşəm Zəfərin beynəlxalq hüquqi əsaslarını təmin etmiş olduq.

Güclü daxili və xarici siyasət, uğurlu və hədəflənmiş diplomatiya, iqtisadi və hərbi gücün sürətlə inkişaf etdirilməsinə paralel olaraq Azərbaycan çox önəmli və gələcəkdə bizim qələbəmizə münbit şərait yaradacaq bir prosesi də reallaşdırdı. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti və məntiqli diplomatiyası nəticəsində haqlı olaraq Ermənistanın düşmənçiliyini, işğalını və təcavüzünü əsas gətirib onu bütün regional layihələrdən kənarda qalan autsayder dövlətə çevirdi. Bununla da Ermənistan həm ciddi iqtisadi gəlirlərdən məhrum olaraq xarici ianələrdən tam asılı olan bir dövlət, həm də dünya üçün ərazi baxımından heç bir önəmli layihənin keçmədiyi əhəmiyyətsiz bir ölkə oldu. Ancaq elə bu dönəmdə Azərbaycan dünyanın siyasi, iqtisadi, mədəni və beyin mərkəzi olan qoca qitənin enerji xəritəsinin formalaşmasında önəmli rola malik və böyük nəqliyyat qovşaqlarının kəsişdiyi dövlət statusunu qazandı.

Bütün bu prosesləri həyata keçirən və ölkə daxilində qələbə ruhunu ən yüksək səviyyəyə çatdıran Azərbaycan keçən ilin 27 sentyabrında ən sərt şəkildə cavaba layiq olan erməni təxribatına dur demək üçün müharibə qadağalarına və pandemiya şərtlərinə baxmayaraq əks hücuma keçmək qərarına gəldi. Hücuma keçdiyimiz andan başlayaraq bütün işğal edilmiş əraziləri 44 gün ərzində azad edəcəyimiz sürətlə irəli getdiyimizə baxmayaraq hər gün düşmənə ərazilərimizin boşaldılması müqabilində hücumu dayanadırcağımızı bəyan edirdik. Ancaq mənfur düşmən dəstəyinə güvənərək vəziyyətin ciddiliyini anlamadı və reallıqla bağlı şərtləri düzgün şəkildə dəyərləndirmədi. Bu da Ermənistan üçün kapitulyasiya aktına imza atıb ərazilərimizin böyük hissəsini döyüşsüz boşaltmağı üzərinə götürməyə məcbur olacaq qədər faicə ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin də dediyi kimi 44 günlük müharibənin taleyini bir çox əhəmiyyətli üstünlüklərimizə baxmayaraq əsasən Azərbaycan əsgərinin və zabitinin cəsurluğu, vətən və torpaq sevgisi həll etdi.

10 noyabr tarixində imzalanan Bəyanat təkcə Ermənistanın acı məğlubiyyəti və Azərbaycanın tam qələbəsi deyildi, o həm də xalqımızın, ordumuzun və dövlətimizin onun rəhbərinin başçılığı altında möhtəşəm və sarsılmaz birliyi oldu. Bu qələbə Azərbaycanın yüzilliklərdir ki, davam edən məğlubiyyət və itki sindromunun qırılmasına gətirdi, keçən əsrin sonunda müstəqilliyini bərpa etsə də bunu bütün ərazilərinə şamil etməyə macal tapa bilməyən dövlətimizin müstəqilliyini bütövləşdirdi. Azərbaycan xalqının nüfuzunu və kimliyini bütün dünyaya bəyan edən bu qələbəmiz həm də dünya hərb elminə çox böyük və müsbət bir töhfə vermiş oldu. Ən əsası da bu qələbəmizlə bir çoxlarının məkrli planlarını pozub cənubi Qafqaz regionunda sülhün, təhlükəsziliyin və sabitliyin əsasını qoyaraq tarixi, siyasi və ilahi ədaləti bərpa etdik. Müxtəlif quvvələrin və güclərin öz mülahizələrinə və arzularına uyğun tərtib etdikləri real olmayan xəritələri tarixin qara arxivinə göndərib, tarixi həqiqətləri özündə əks etdirən siyasi və coğrafi xəritəni reallaşdırdıq.

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti