...

Türk Dövlətləri Təşkilatının səkkizinci zirvə görşü tarixi hadisədir - Baş katib

Siyasət Materials 3 Dekabr 2021 10:40 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatının səkkizinci zirvə görşü tarixi hadisədir - Baş katib

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının səkkizinci zirvə görşünü türk dünyası ilə qarşılıqlı əlaqədə olan bütün ölkələrin diqqətini cəlb edən tarixi hadisə adlandırmaq olar.

Trend-in məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyev "Exclusive" nəşrinə müsahibəsində deyib.

"Biz təkcə regionumuzun dövlətlərindən deyil, həm də ABŞ, Çin, Hindistan və ərəb ölkələrindən rəylər almağa davam edirik, bu da həmin tədbirin beynəlxalq əhəmiyyətindən xəbər verir", - deyə B.Amreyev bildirib.

Onun sözlərinə görə, zirvə görüşündə qəbul edilən qərarların əhəmiyyəti sammitin tarixi xarakterindən xəbər verir.

"Ən mühüm sənəd təşkilatımız çərçivəsində 20 illik dövr üçün əməkdaşlığın və qarşılıqlı fəaliyyətin əsas parametrlərini müəyyən edən "Türk Dünyasına Baxış - 2040" konsepsiyasıdır. Bu, türk liderlərinin indiki nəslinin gələcək nəsillərə mesajı kimi qiymətləndirilə bilər", - B.Amreyev deyib.

O vurğulayıb ki, qurumun adının dəyişdirilməsi də böyük əhəmiyyət daşıyır.

"Təşkilat 12 ildir ki, bütün atributları və səlahiyyətləri ilə və tamhüquqlu beynəlxalq təşkilat kimi mövcud olsa da, adının dəyişdirilməsi ona yeni, xüsusi status verib, beynəlxalq aləmdə nüfuzunu və rolunu artırıb”, - B.Amreyev bildirib.

O qeyd edib ki, digər mühüm hadisə Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olmasıdır.

"Bu qardaş ölkə həmişə türk dünyasının ayrılmaz hissəsi olub və əvvəllər təşkilatımızın fəaliyyətində aktiv iştirak edib. Beləliklə, Türk Dövlətləri Təşkilatının ortaq bayrağı altında dünyada bütün suveren və müstəqil türk dövlətləri birləşib - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, həmçinin özünü türk dünyasının bir hissəsi hesab edən Macarıstan da var”, - deyə baş katib əlavə edib.

Onun sözlərinə görə, daha bir mühüm qərar sammitdə təşkilatın müşahidəçiləri və tərəfdaşları ilə bağlı müddəaların qəbul edilməsi olub.

"Bu gün bir çox dövlətlər təşkilatımızda status almaq arzusunu ifadə edib ki, bu da onun yüksək beynəlxalq nüfuzuna dəlalət edir. Zirvə toplantısında qəbul edilmiş 130 bənddən ibarət olan yekun İstanbul Bəyannaməsinin əhəmiyyətini vurğulamaq istərdim. Bu sənəd bu gün türk dövlətlərinin bütün gündəliyini əhatə edir".

O əlavə edib ki, bəyannamə yekdilliklə təsdiqləndi və bu isə o deməkdir ki, türk dünyası daha da sıx birləşib.

“Hesab edirəm ki, daha bir mühüm qərar, türk dünyasının ilk maliyyə qurumu olan Türk İnvestisiya Fondunun yaradılması olub. Yaxın aylarda bu Fond fəaliyyətə başlayacaq və əminəm ki, əməkdaşlığımızın gücləndirilməsində, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasında, ən əsası isə kiçik və orta biznesin dəstəklənməsində böyük rol oynayacaq”, - deyə təşkilatın baş katibi bildirib.

O, sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının ən ali ordeni ilə təltif edildiyini də xatırladıb.

"Bu unikal mükafat iki il əvvəl dövlətlərimizin başçıları tərəfindən təsis edilib və altı dövlət başçısının qərarı və imzası ilə verilir. Razılaşın ki, dünyada belə bir orden yoxdur. İlk orden 2019-cu ildə Bakıda keçirilən sammitdə təşkilatın fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə təqdim olunmuşdu. Bu il Türk dünyasının birliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə və işğal altında olan Qarabağın azad edilməsində roluna görə Azərbaycan Prezidenti İlham Əliyevə orden təqdim edilib. Bununla da bütün türk dövlətləri qardaş Azərbaycan xalqı ilə Zəfəri bölüşməklə həmrəyliyini ifadə edib", - B.Amreyev vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti