Bakı. Elçin Mehdiyev – Trend:
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlar rəsmi Moskvanın siyasətinə, bu ölkənin imzaladığı sazişlərlə müəyyənləşmiş vəzifə və öhdəliklırinə ziddir, Rusiya ilə normal münasibət saxlayan tək-tük ölkələri də qıcıqlamdırmaq və küsdürmək məqsədi güdür.
“Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin normal məcrada inkişafına çalışıb. Son addımlar bu münasibətlərə çox ciddi xələl gətirir.
Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təsbit edilib. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha xüsusi vurğulanıb.
Görünür, Ukraynadakı ardıcıl və biabırçı uğursuzluqlarla əlaqəli Rusiya MN-in rəhbərliyində oturan şəxslər başlarını tam itiriblər, nə etdiyinin fərqində deyillər. Onların məqsədi nədir? Münasibətləri gərginləşdirmək və pozmaq? Bir daha vurğulayıram, bu iki ölkə arasında qarşılıqlı münasibətlərə ciddi xələl gətirən kobud səhvdir”, - deyə C.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, görünür, Rusiya MN belə açıqlamalar verməklə diqqəti Ukraynadakı biabırçı məğlubiyyətdən yayındırmaq, aranı qatmaq istəyir.
“Ancaq bu, Rusiya tərəfinə heç bir uğur gətirməyəcək. Ruisya tərəfi Azərbaycanla münasibətlərin qorunmasında maraqlı olmalıdır.
Burada Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Volkovun rolu olduğu şübhəsizdir. Öz vəzifə öhdəliklərinə əməl etməyən, Ermənilərin yaşadığı ərazilərdə biznes quran, Azərbaycana qarşı xüsusi mənfi münasibəti olan Volkovun təqdimatı ilə hazırlanan bu tipli məlumatlar Rusiya ilə Azərbaycan arasında əlaqələrə xələl gətirmək məqsədi güdür. Rusiya tərəfi bu kimi məlumatları yayarkən çox diqqətli olmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu bütün dövlətlər nəzərə almalıdırlar”, - deyə deputat əlavə edib.