Bakı. Trend:
Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına baxış keçirib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, məruzə olunub ki, iki mərtəbəli geniş
yeməkxana binası yüksək keyfiyyətli qida məhsullarının hazırlanması
üçün müasir tipli avadanlıqlarla təchiz olunub. Burada mətbəx və
təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları vardır.
Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət
göstərir.
Daha sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Hərbi
Akademiyasının tədris korpusuna baxış keçirib, əsaslı təmirdən
sonra yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, tədris
korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə
təşkili üçün hər cür şərait mövcuddur.
Xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, professor və
müəllim heyəti qarşısında çıxış edən general-polkovnik Z.Həsənov
qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin göstərişinə əsasən aparılan struktur islahatları
çərçivəsində Milli Müdafiə Universitetinin yaradılması ilə Türkiyə
Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, o
cümlədən hərbi elm və təhsil sahəsinin inkişafı uğurla davam
etdirilir.
Müasir dövrdə elmi əsaslarla yanaşmanın vacibliyini qeyd edən nazir
elm və təhsilin vəhdət şəkildə tətbiqinin ordu quruculuğunda mühüm
rol oynadığını, eləcə də aparılan elmi tədqiqat işlərinin praktiki
olaraq həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi elm və
təhsil sisteminin daha yüksək səviyyədə təşkili ilə bağlı müvafiq
tapşırıqlar verib, xüsusi təyinatlı təhsil müəssisələrinin heyətini
qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.