Bakı. Trend:
Azərbaycan regionun güclü və qətiyyətli aktoruna çevrilib və bütün bunların əsasında iki tarixi aspekt və paralellik əks olunmaqdadır – Heydər Əliyev və İlham Əliyev gerçəklikləri!
Azərbaycan xalqının Böyük oğlu, milli-dövlətçilik və Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əlirza oğlu Əliyev haqqında fikir bildirmək, Onun haqqında düşüncələri bölüşmək çətin və məsuliyyətli bir işdir. Belə ki, ömrünü siyasi fəaliyyətə, dövlət maraqlarına, xalqına həsr edən Heydər Əliyev faktoru dünyanın nüfuzlu siyasətçiləri fonunda daim zirvələrdə yer alıb. Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq xarizmatik Lider faktoru önə çıxır. Və bu gün Onun böyüklüyü, əbədiliyi özünü daha qabarıq, daha geniş fonda əks etdirməkdədir. Əbəs deyil ki, bu gün Azərbaycan xalqının xoşbəxtlik meyarlarından biri də Heydər Əliyev kimi Liderə, xilaskara malik olmaq amili ilə ölçülməkdədir. Belə bir meyar isə hər xalqa, hər millətə nəsib olmur. Və əgər bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyev barədə fikirlərimizi bölüşürüksə, ilk növbədə Onun Böyük Azərbaycanlı olduğunu məxsusi olaraq vurğulamalıyıq. Əbəs deyil ki, Heydər Əliyev deyərkən Azərbaycan, Azərbaycan deyərkən isə Heydər Əliyev gerçəkliyi parlaq günəştək aydın səmalarımızdan üzərimizə nur yağdırır – O, yaşayır, yaşadılır və öz əbədiliyi ilə, atalıq nuru ilə gələcək yollarımıza işıq saçır. Bu yolu müəyyən etmək üçün, bu gələcəyi təmin etmək üçün Heydər Əliyev bütün mənalı həyatı boyunca sözün əsl mənasında çarpışdı, mübarizə apardı, dünyaya qətiyyətin, fədakarlığın nə olduğunu sübuta yetirdi. Bizlər – Vətən sevdalısı olaraq Heydər Əliyevin bizlərə miras qoyduğu Azərbaycançılığı, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyasını, dövlətçilik ənənəsini yaşatmaqdayıq.
Məqaləmin sonunda bütün bu gerçəklilərin təməl prisniplərinin, strategiyasının, siyasi kursunun davamı və əhəmiyyəti barədə bəhs edəcəyəm. Ancaq buna qədər keçilən enişli-yoxuşlu yola nəzər salmaqla həmin yolun nə qədər çətin, hətta keçilməz sədlərdən, baryerlərdən aşılması faktorlarına da toxunmağı vacib sayıram.
Azərbaycançılıq məfkurəsi ideyasında qurulan möhtəşəm siyasi konsepsiya
Fakt budur ki, Ulu Öndərimizin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində təlatümlər içində boğulan, parçalanma təhlükəsi ilə üz-üzə qalan Azərbaycanımızda möhkəm xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu. Bu tarixi gerçəklik özünü ən yüksək səviyyədə tərənnüm etdirməkdədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində - ağır dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevdə gördü və əminliklə öz Liderinə etimad göstərdi. İlk növbədə, bu sonsuz etimad hər bir azərbaycanlının gələcəyə ümidini itirməməsinə, daha dəqiq desək, inamlı baxışında öz təşəkkülünü tapmış oldu. Bu təşəkkül və təcəssüm hələ ilkin kövrək addımların başlanğıcı idi, qarşıda isə həmin addımları möhkəmləndirmək məsuliyyəti dayanırdı. Ancaq ən əsası, Heydər Əliyev faktoru Azərbaycançlıq məfkurəsinin təməlini qoymuşdu, dövlətimizin, xalqımızın xilasının da kökündə həmin reallıq ali mücəssəmə mənzərəsində xarakterizə edilə bilər. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası oldu.
Yazımda kiçik olsa belə, mühüm bir ştrixə toxunaraq qeyd etmək istərdim ki, əgər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, ideyası, əsaslı şəkildə dərk olunmasaydı, bu gün biz Zəfər və Qələbə əzmimizdən danışa bilməzdik. Qarabağımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Zəfər yolumuzun da təməlində məhz bu tarixi məfkurə, ideyaya sadiqlik, layiqli varislik dayanır.
Bu gün cənab İlham Əliyev bütün çıxışlarında bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini ifadə edir, qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu vurğulayır.
Bizim heç birimizə sirr deyil ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. O, yaxşı bilirdi ki, başa çatdıra bilməyəcəyi işlərini Onun layiqli varisi davam etdirəcək, başa çatdıracaq və yeni məqsədlərə doğru irəliləyəcək. Bu baxımdan, Heydər Əliyev həyatının bütün incəliklərinə real baxış prizmasından yanaşırdı və bilirdi ki, qarşıda görüləcək çox çətin işlər var və bu işlərin realizə olunmasını yalnız İlham Əliyev həyata keçirmək gücündə, qüdrətindədir. Bu təməl dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə yüzminlərlə insan Onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb.
Güclü Azərbaycanın əsası 1969-cu ildən qoyulmuşdur
1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyllərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. 1969-cu ilin iyulu güclü Azərbaycanın əsasının qoyulduğu tarixi əhəmiyyətli gün kimi də qiymətləndirə bilərik. Belə ki, Ulu Öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi, kənd təsərrüfatı və s. sahələrdə yüksəlişlər meydana gəldi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.
Bütün bunlarla yanaşı, təhsil sahəsində də ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə təməlli töhfələr bəxş etmiş oldu. Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Habelə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Ümummilli Liderimiz həmin anları bu cür xatırlayıb: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və Ana Vətənini unutmayasan".
Azərbaycanı SSRİ miqyasında bütün sahələr üzrə liderə çevrən Heydər Əliyev!
Heydər Əliyevin qətiyyəti sayəsində milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Mədəniyyətimiz, incəsənətimiz inkişaf etdi, dünya Azərbaycanı daha yaxından tanımağa başladı. 1978-ci ildə isə, Heydər Əliyevin təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Nəticədə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə görülən strateji tədbirləri fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan və liderə çevrilən respublika adını qazandı.
Naxçıvandan dünyaya ucalan Ulu Öndər səsi!
Tarix sübut edir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya mövcud idi. Əslində mürəkkəb situasiya bütün postsovet məkanını əhatə etsə də, ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyanı müşahidə olunsa da, bu olaylar daha çox Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana öz təsirlərini göstərirdi. Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.
Ardıcıl davam edən olaylar isə, 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Belə bir çətin zamanda Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Faktlar da bu reallığı kifayət qədər əks etdirməkdədir:
17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul edildi.
Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi.
Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Həmin vaxtlar Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin marionetəri və vassalları qismində çıxış edən hakimiyyətdəki “peşkalar” Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər.
Bunlardan birincisi Xalq Cəbhəsinin (AXC) Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi məharəti və əzmkar naxçıvanlıların Onun ətrafında sıx birləşməsi sayəsində mənfur çevriliş cəhdləri baş tutmadı.
Bunun ardınca, Ulu Öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan edilməsi barədə də tarixi qərar qəbul edildi.
Digər tərəfdən blokada şəraitində iqtisadiyyatını inkişaf etdirən Naxçıvanın sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda münbit strateji münasibətlər sistemi formalaşdırıldı, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Nəticədə siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bəli, bütün bunlar blokada şəraitində həyata keçirildi və belə bir işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi. Əbəs deyil ki, Ulu Öndərin Naxçıvan fəaliyyəti haqqında dünyanın bir çox nüfuzlu siyasi xadimləri, mətbuat səhifələri geniş fikirlərini heyranlıqla şərh ediblər.
Heydər Əliyev siyasi iradəsi – xilaskarlıq missiyası!
Ölkəmizin o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız yanaşmalarının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi işğal etdi. Hələ bu da son deyildi..!
Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların zaman-zaman daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını, yenicə əldə etdiyi müstəqilliyini böyük sual altında qoymuşdu. Həmin ərəfələrdə ağır vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov iqtidarı məhz AXC-nin təzyiqləri, avantüraçı fəaliyyəti fonunda çıxış yolunu istefa verməkdə gördü. Hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici xüsusi xidmət orqanlarının mübarizə meydanına çevirmişdi. Ölkədə tam bir anarxiya yaşanır, daxili çəkişmələrin ardı-arası kəsilmirdi. Hətta əlinə silah alan hər kəs dərhal hakimiyyəti ələ keçirməyə çalışırdı və eyni zamanda, çox təhlükəli separatçılıq amilləri meydana çıxmışdı. Belə bir acınnacaqlı vəziyyət 1993-cü ilə, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Heydər Əliyevin Liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. O, qısa müddətdə ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı.
Tarixi zərurətin və xalq sifarişinin təntənəsi - Yeni Azərbaycan Partiyasının yaradılması
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Belə ki, hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin yüksək nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat olaraq, yarandığı müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi və bu, bilavasitə xalqın dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan məhəbbətinin, inam və etibarının bariz göstəricisi, təntənəsi idi. Tarixdə isə yarandığı vaxtdan cəmi altı ay sonar iqtidara gəlmiş bu kimi siyasi təşklatlar demək olar ki yoxdur, yaxud barmaqla sayılacaq qədərdir…
O cümlədən, YAP-ın uğurlarının davamlılığını şərtləndirən daha bir mühüm amil partiyada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən YAP-ın I Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri idi, onda qeyd edə bilərik ki, bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi.
Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Artıq bu gün həm ölkə daxilində, həm də beynəlxalq siyasi arenada böyük nüfuza, əlaqələrə malik olan YAP ən güclü təşkilatı qismində öz sözünü deməkdədir. Partiya dünyada fəaliyyət göstərən aparıcı partiyalarla paralel şəkildəki siyasi təşkilatlanma prosesində öncül mövqeyini tutur, habelə önəmli birliklərdə təmsil olunmaqla Azərbaycan dövlətinin maraqlarını ifadə edir.
Neft strategiyası: iqtisadi uğurlara doğru atılan ilk addımlar və tərəqqi konsepsiyasının ön mərhələləri
Sirr deyildi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edirdi. Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.
Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, Ulu Öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.
O da sirr deyil ki, bu gün Azərbaycanın bənzəri görülməyən sürətlə inkişafı, dünyada nüfuz sahibi olması, müxtəlif məsələlərə münasibətdə öz mövqeyini ortaya qoyması, heç bir dövlətdən və qurumdan asılı olmayan həqiqi müstəqilliyə malik olması məhz Ulu Öndər Heydər Əliyevin düşünlümüş enerji siyasətinin uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Mətbuatımızın qayğıkeş hamisi və stimul bəxş edəni
Mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən amil Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirib. Ümummilli Liderimiz milli mətbuatımızın iş prinsipini və tarixini şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: “Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli -azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Hələ o zamanlar bu maneələri aşa bilən yeganə güc Heydər Əliyev idi!
Dahi rəhbər mətbuatımızın inkişafına səbəb ola bilən və biləcək bütün baryerləri aradan qaldırdı, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrildi. Məsələn, hələ sovet hakimiyyəti vaxtlarında rüşvətxorluq və korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin ifşa edilməsində Heydər Əliyev mətbuatın üzərinə müəyyən tapşırıqlar qoyaraq, bununla ictimai nəzarəti gücləndirməyə müvəffəq olmuşdu. Televiziyada müxtəlif çatışmayan cəhətləri əks etdirən layihələr həyata keçirilir, aparıcı qəzetlərdə ayrıca olaraq tənqidi materialların verilməsi üçün səhifələr ayrılır, açıq söz, sağlam tənqid mühiti istiqamətində çətin işlər realizə olunurdu. Həqitən də, SSRİ kimi dəmir pərdənin mövcudluğu dövründə belə işlərin həyata keçirilməsi qətiyyət tələb edirdi və bu imkanlar nə qədər çətin olsa belə, Heydər Əliyev tərəfindən mətbuat işçiləri üçün yaradılmışdı. Ulu Öndər bu vasitə ilə sovet jurnalistikasında fəaliyyət göstərən mətbuat işçilərimizə stimul bəxş edirdi. Təsəvvürünüzə gətirin, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda fəaliyyət göstərən dövlət mətbuatlarında senzuraların tətbiq edildiyi zamanda belə, demokratiya şölələri görünməyə başlamışdı. Bu fakt heç bir başqa ittifaq respublikalarında yox idi!
Ulu Öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edildi. O da əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə Azərbaycan mətbuatının dostu olaraq seçilmişdi. Bu, Onun mediaya, jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi.
Eləcə də, 1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirildi, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olundu.
Artıq bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu Öndərimiz bununla bağlı növbəti tarixi fikirlərini irəli sürmüşdü: “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Əlbəttə ki, bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, bu olmasaydı, milli mətbuatımız hazırkı tərəqqisinə nail ola bilməzdi.
Təbii ki, əbədiyaşar Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir. Dövlət başçımız tərəfindən qəbul edilən qərarlar, verilən sərəncamlar da həmin reallığı kifayət qədər ehtiva etməkdədir.
Ata vəsiyyətinə doğru inamlı addımlarla: Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyev – Ulu Öndər Heydər Əliyevin layiqli varisi və Alternativsiz Lider!
Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi çıxış edir. 44 günlük Vətən müharibəsi və Zəfər reallığı isə bu fundamental faktorlara əlavə əhəmiyyətləri daxil etdi.
Söz yox ki, bu missiyanın təməlini Ulu Öndər Heydər Əliyev öz tarixi müraciətində qoymuşdu. Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir.
Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı. Əgər bu gün beynəlxalq aləmin mühüm hissəsi özünü Azərbaycanın yanında gördüyünü qeyd edirsə, bunun kökündə düzgün xarici siyasət reallığının dayanması şəksizdir. Daha dəqiq desək, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib və bunun daha geniş izahı məqalənin aşağı hissələrində veriləcək. Ancaq qarşıda Azərbaycan xalqının, dövlətinin bir nömrəli problemi qalmaqdaydı və bu problemin kökündən həll olunması vacibliyi özünü daha çox göstərməyə başlamışdı.
Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev zamanında işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir!
Beləliklə, Azərbaycan regionun güclü və qətiyyətli aktoruna çevrilib və bütün bunların əsasında iki tarixi aspekt və paralellik əks olunmaqdadır – Heydər Əliyev və İlham Əliyev gerçəklikləri!
Həyata keçirilən müstəqil daxili və xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Bu, Ulu Öndər Heydər Əliyev yolunun məntiqi davamı, xalqın birmənalı dəstək verdiyi siyasətin bariz nəticəsidir və bizlər – Azərbaycan xalqı olaraq qarşıda hələ çox təntənəli, möhtəşəm və nəhəng zəfərlər, qələbələr əldə edəcəyik!
Bəhruz QULİYEV, “SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru