...

Brüssel görüşündə Azərbaycanın elan etdiyi 5 prinsipin danışıqların yeganə müzakirə formatı olduğu növbəti dəfə təsdiqləndi - Sahil Kərimli

Siyasət Materials 23 May 2022 12:05
Brüssel görüşündə Azərbaycanın elan etdiyi 5 prinsipin danışıqların yeganə müzakirə formatı olduğu növbəti dəfə təsdiqləndi - Sahil Kərimli

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Brüseldə Aİ Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün nəticələrini sülh prosesi üçün növbəti uğur, əhəmiyyətli irəliləyiş kimi qiymətləndirmək lazımdır. Görüş Azərbaycanın elan etdiyi 5 prinsipin danışıqların yeganə müzakirə formatı olduğunu bir daha təsdiqlədi.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, qeyd edib ki, 5 saatdan çox davam edən üçtərəfli danışıqların nəticəsi olaraq bir neçə istiqamətdə razılaşmalar əldə edilib: “İlk öncə xüsusi vurğulamaq lazımdır ki, görüşdə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, status məsələsi gündəlikdə olmayıb. Görünən odur ki, danışıqlar Azərbaycanın milli maraqlara uyğun formatda aparılıb və həmişə olduğu kimi dövlətimizin qətiyyətli mövqeyi qorunub. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi Dağlıq Qarabağ adlı ərazi yoxdur, Qarabağ var. Ən əsası isə Qarabağda yaşayan etnik ermənilərin statusundan söhbət gedə bilməz. Bu da bir daha göstərir ki, 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb və bunu hər kəs qəbul edir”.

Görüş zamanı müzakirə olunan Qarabağ ermənilərinin təhlükəsizliyinə gəldikdə isə, S.Kərimli vurğulayıb ki, Azərbaycan onsuz da bununla bağlı dəfələrlə konkret mövqeyini bəyan edib. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinə dövlətimiz zəmanət verir.

"Danışıqlarda işğaldan azad olunmuş ərazilırin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə olunub ki, bu da çox önəmli məsələdir. Çünki, Ermənistanın işğal dövründə ərazilərimizi kütləvi minalaması hazırda bölgə üçün çox böyük təhlükələr yaradır. Nəzərə alınmalıdır ki, minatəmizləmə işi olduqca çətin və uzun vaxt aparan prosesdir. Azərbaycan son dövr ərzində bu çətin şərtlər altında sürətli təmizləmə işləri həyata keçirir. Birinci Qarabağ müharibəsi dövründə əsir və ya itkin düşmüş yüzlərlə vətəndaşımızın taleyi də prioritet məsələdir ki, Ermənistan bu istiqamətdə də öhdəliklərə əməl etməldir.

Danışıqların əsas məqamlarından biri isə əlbəttə ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsidir. Üçtərəfli görüş bu baxımdan da müsbət nəticələib. Belə ki, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bundan başqa kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə də razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinməsi də tərəflərin daha bir uğurdur. Brüssel görüşünün nəticələrini əsas götürərək belə bir qənaətə gəlmək olar ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələr perspektivli olacaq", - deyə S.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti