...

Azərbaycanlıların Laçına qayıtması Prezident İlham Əliyevin qəbul etdiyi qərarların məntiqi nəticəsidir - Sevil Mikayılova

Siyasət Materials 27 Avqust 2022 12:21 (UTC +04:00)
Azərbaycanlıların Laçına qayıtması Prezident İlham Əliyevin qəbul etdiyi qərarların məntiqi nəticəsidir - Sevil Mikayılova

Bakı. Trend:

2020-ci il noyabrın 10-da imzalanan bəyanatla Ermənistan kapitulyasiyaya məcbur qaldığını açıq şəkildə göstərdi. Bu gün isə postmünaqişə dövrünün yeni mərhələlərindən biri də Laçın şəhərində Azərbaycan Ordusunun yerləşdirilməsi oldu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, 10 noyabr bəyanatında açıq şəkildə göstərilirdi ki, Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra bu ərazilərdə müvəqqəti yerləşidirilən Rusiya sülhməramlıları ərazidən çıxacaq və bu ərazilərdə Azərbaycan Ordusu yerləşdiriləcək: "Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Bəyanatda 3 il göstərilməsinə baxmayaraq, Laçın dəhlizinə alternativ olan yol daha qısa müddətdə çəkildi. Dünən isə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu.

Prezident İlham Əliyevin "Twitter" hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə, Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə edilmiş məruzə, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda, on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün şərait yaradacaqdır. Artıq 26 avqust Azərbaycanın tarixində, eləcə də laçınlılar üçün böyük əhəmiyyət daşayır".

Deputat əlavə edib ki, artıq Laçın şəhərində də Azərbaycan bayrağı dalğalanır. Bu fakt bütün azərbaycanlıları, laçınlıları qürurlandırır. Digər ərazilərdən olan məcburi köçkünlər kimi, laçınlılar da torpaqlarına qovuşmağın sevincini yaşayırlar.

"Digər məcburi köçkünlər kimi laçınlı soydaşlarımız da evlərini tərk etmək məcburiyyətində qaldıqları zaman bir gün qayıdacaqlarına ümid edirdilər.Onlar evlərinin qapılarını qıfıllayıb çıxmışdılar, inanırdılar ki, geri dönəcəklər.

Ötən günlərdə ermənilərin həmin əraziləri necə tərk etdiyinə fikir versək, görərik ki, hansı vandallıqlar törədiblər. Yenə də evləri, meşələri yandırdılar, soyğunçuluq, talançılıq əməllərindən əl çəkmədilər. Biz bu faktları Kəlbəcərin boşaldılması zamanı da gördük. Çünki onlar da bilirlər ki, bu evlər, bu meşələr, torpaqlar onlara aid deyil, heç vaxt da olmayıb. Bilirlər ki, bu ərazilərə bir də qayıtmayacaqlar. Ona görə də əsl simalarını göstərib, bu vandallığı törədirlər", - deputat vurğulayıb.

S.Mikayılova sonda onu də qeyd edib ki, Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu: "Bölgədəki son hadisələr regionda diqtə edən tərəfin Azərbaycan olduğnu sübut edir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Sülhü və təhlükəsizliyi qorumağın əsas yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti