...

Ermənistan rejimi məsuliyyətə cəlb olunmalıdır - Kamaləddin Qafarov

Siyasət Materials 7 Oktyabr 2022 10:31 (UTC +04:00)
Ermənistan rejimi məsuliyyətə cəlb olunmalıdır - Kamaləddin Qafarov

Bakı. Trend:

“Şanlı Azərbaycan Ordusu tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində erməni faşizminin başını əzdi. Lakin bu qəddar rejimin otuz il ərzində ölkəmizin işğal altında olan ərazilərində törətdikləri vəhşiliklərin əks-sədası hələ neçə illər eşidilməkdə davam edəcək. Hər yeni gün Ermənistanın hərbi-siyasi rejiminin yeni qanlı cinayətinin üstü açılır. Görəsən niyə dünyanın və Avropanın “demokratiya carçıları” hələ də bu tükürpədici faktlara göz yummağa çalışırlar? Bunun yeganə məntiqi səbəbi yenə də ikili standartlar siyasəti və beynəlxalq hüququn artıq yalnız yüksək kürsülərdən səsləndirilən boş şüarlarda öz ifadəsini tapmasıdır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Erməni faşizminin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin tarixi artıq yüzilliklərlə hesablansa da, son otuz il ərzində, işğal olunmuş Azərbaycan ərazilərində törədilən vəhşiliklər xüsusi qəddarlığı ilə seçilib. Təkcə Xocalı faciəsi bütün bəşəriyyəti sarsıda biləcək faktlarla o qədər zəngindir ki, həmin faktlar əsasında sonsuz sayda cinayət işi açıla bilər. Həm də bu faktların danılmaz həqiqət olduğunu təsdiq edən şahidlər arasında bir çox beynəlxalq təşkilatların, nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri də kifayət qədərdir. Hələ on bir il bundan əvvəl Qarabağ Azadlıq Təşkilatı tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqda hazırlanmış “Xocalı faciəsi şahidlərin gözü ilə” adında sənəddə İngiltərənin “Frant line news” teleşirkətinin əməkdaşı Rori Patriksin bu ifadələri yer almışdı: “Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”. Fransanın “Le Mond” qəzetində 14 mart 1992-ci il tarixdə dərc olunmuş materialda isə bu cümlələri oxumaq olar: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər”. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. Bu sənəd həmin vaxt BMT Təhlükəsizlik Şurasına, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına göndərilsə də, ya bu cinayətləri törətmiş Ermənistanın həmin beynəlxalq təşkilatlardan çıxarılması, ya da bəşəriyyət əleyhinə olan bu qanlı cinayəti bilavasitə planlayan və həyata keçirən şəxslərin cəzalandırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir. Məhz elə bu cəzasızlıq mühiti də erməni faşistlərinin öz vəhşiliklərini sonrakı illərdə də amansızlıqla davam etdirmələrinə zəmin yaratdı. Bu gün isə biz həmin vəhşiliklərin dəhşətli nəticələrini bir-bir aşkar edirik.”

Kamaləddin Qafarov bildirib: “Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıq erməni vəhşiliklərinin növbəti sübutudur. Məlumdur ki, bu yaxınlarda Şuşa rayonunun Daşaltı kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində də kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlarda aşkar olunan meyidtlərin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunur. O cümlədən Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqda 1993-cü ildə Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş və sonradan milli zəmində öldürülmüş 25 şəxsin kütləvi dəfn edilməsi ehtimal edilir. Ermənistan hökuməti bu əməlləri ilə Cenevrə Konvensiyasının maddələrini kobud şəkildə pozmuşdur. Edilli kütləvi məzarlığında aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirlə bağlandığı faktının məlum olması ilə erməni faşistlərinin vəhşi xisləti bir daha bütün dünyaya nümayiş etdirildi. Bu cinayətlər qətiyyən cəzasız qalmamalıdır.

Azərbaycan Ordusu döyüş meydanında bütün şəhidlərimizin qanını düşməndən aldı. Lakin bu cinayətlərin təşkilatçıları hələ də cəzalandırılmayıblar. Əgər beynəlxalq təşkilatlar bundan sonra da Ermənistan hökumətinin məsuliyyətə cəlb olunması istiqamətində lazımı addımlar atmazlarsa, bu, Cənubi Qafqazda erməni faşizminin yenidən dirçəlməsi üçün zəmin yarada bilər.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti