...

Ermənilər Pelosini çiçəklə, Putini etirazla qarşıladı – Paşinyanın “Kreml planı” baş tutur

Siyasət Materials 24 Noyabr 2022 09:37 (UTC +04:00)
Ermənilər Pelosini çiçəklə, Putini etirazla qarşıladı – Paşinyanın “Kreml planı” baş tutur

Trend-i buradan izləyin

Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Qərb-Rusiya qarşıdurmasının şiddətli dövründə Ermənistanda “məxməri inqilabla” hakimiyyətə gələn Nikol Paşinyan sözün həqiqi mənasında Moskvanın baş bəlasına çevrilib. Çünki Paşinyan hakimiyyətə gəldiyi gündən anti-Rusiya siyasəti həyata keçirir, Ermənistanda Qərbin maraqlarını təmin etməyə çalışır. Paşinyan hətta bir çox məqamlarda özünün anti-Rusiya hədəflərinə çatmağı bacarıb.

Nikol Paşinyan anti-Rusiya və Qərbyönümlü addımlarına nəzər salaq:

- Ermənistanın siyasi rəhbərliyində təmsil olunan vəzifəlilərin əksəriyyəti Qərbyönümlüdür. Onların əksəriyyəti Ermənistanda Qərbin maraqlarını təmin etmək üçün canla-başla çalışırlar;

- Nikol Paşinyan hakimiyyətə gələn kimi Rusiyanın adamları hesab olunan keçmiş prezidentlər Robert Köçəryanı, Serj Sarkisyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu sıxışdırmağa başlamışdı. Əvvəlcə Xaçaturov vəzifəsindən azad olundu, sonra isə barəsində cinayət işi açıldı. Həmçinin Sarkisyan barəsində də cinayət işi qaldırıldı, Köçəryan isə həbsə göndərildi. Təbii ki, Paşinyanın Ermənistandakı Rusiyayönümlü siyasi elitaya qarşı apardığı repressiv siyasət Moskvada ciddi narahatlıq doğurmaya bilməzdi. Xüsusilə Xaçaturovun vəzifəsindən azad olunması KTMT-nın fəaliyyətini iflic etmişdi. Bu isə Kremli daha çox qıcıqlandırırdı;

- Məlumdur ki, eyni hərbi blokda olan dövlətlər məcburiyyətdən ordularındakı hərbi sirləri, döyüş texnikalarının xüsusiyyətlərini, döyüş planlarını, əməliyyatların həyata keçirilmə metodologiyasını bir-birilərinə ötürürlər. Məqsəd isə blokdakı orduların bir-birinin döyüş təcrübəsindən yararlanmasına imkan yaratmaqdır. Amma Ermənistan hakimiyyəti bu fürsətdən başqa məqsədlərlə istifadə edir. Məlumata görə, Rusiyada təhsil alan erməni hərbçilər dərslərdə istifadə etdikləri kitabları, digər dərs vəsaitlərini və həmçinin silahlar barədə xüsusi sirləri İrəvan vasitəsi ilə Qərb kəşfiyyatına ötürürlər. Bu proses Nikol Paşinyan hakimiyyətə gələndən sonra başlayıb, indi də davam edir. Təbii ki, Qərb dövlətləri bütün dövrlərdə Rusiyanın hərbi sənayesinin sirlərini öyrənməyə, Kremlin hərb meydanındakı döyüş taktikalarından xəbərdar olmağa böyük maraq göstərib. Hazırda isə Rusiya ilə Ukraynada üz-üzə gələn Qərb üçün Moskvanın hərbi sirlərini bilmək hava-su kimi lazımdır. Görünür, Paşinyan bu işdə onlara xüsusi yardım edir;

- Paşinyan hərbi agentlik etməklə yanaşı, ordusunun arsenalından Rusiya silahlarını çıxarmağı da hədəfləyir. Məsələn, Ermənistanın müdafiə naziri Suren Papikyan bu ilin sentyabrında ABŞ və Fransaya səfəri zamanı hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişdi. Həmçinin Paşinyan hakimiyyəti Hindistandan 270 milyon dollarlıq silah və hərbi texnika tədarük edəcək;

- Ermənistanda hakimiyyət dəyişdikdən sonra Rusiya qoşunlarının, həmçinin siyasi təsisatlarının ölkədən çıxarılması ilə bağlı müzakirələr intensivləşmə başladı. Hakimiyyətə yaxın jurnalistlər, siyasi ekspertlər və hətta bəzi erməni rəsmilər Kremlin Ermənistandakı hərbi-siyasi təsirlərini azaltmaq üçün sistemli iş aparırlar;

- Paşinyan Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliklərdən də istifadə edərək Rusiyanın hərbi-siyasi təsisatlarından imtina prosesini genişləndirir. İrəvanın Rusiyanın maraqlarına zidd addımları sırasında ATƏT və Avropa İttifaqının missiyasının Ermənistan-Azərbaycan sərhədinə dəvət olunmasını göstərə bilərik. Rusiya hakimiyyəti açıq şəkildə Qərb təsisatlarının Ermənistana yerləşməsinə etiraz etsə də, İrəvan onların gəlişinə mane olmamışdı.

Yuxarıda sadalanan məqamlardan aydın olur ki, Ermənistan hakimiyyətində anti-Rusiya təbliğatı yüksək səviyyədədir.

Erməni baş nazir dövlət strukturlarında anti-Rusiya təbliğatını hakimiyyətə gəldiyi ilk dövrlərindən aparsa da, xalq arasında bu işə İkinci Qarabağ Müharibəsindən sonra başlayıb. Paşinyana yaxın jurnaslitlər, siyasi xadimlər cəmiyyətdə elə bir təbliğat aparıblar ki, Ermənistanın müharibədəki məğlubiyyətinin səbəbkarı Rusiyadır. Təbliğ olunub ki, Rusiya və onun rəhbərlik etdiyi KTMT müharibə zamanı Ermənistana hərbi yardım etsəydi, qalib gələrdilər.

Ermənistan ordusunun 12-14 sentyabr təxribatı zamanı məğlub olması isə Paşinyanın anti-Rusiya təbliğatını daha da gücləndirməsinə imkan yaratdı. Məlumdur ki, baş verənlərə Ermənistanın müttəfiqi olan Rusiyanın və onun rəhbərlik etdiyi KTMT-nın reaksiya verməməsi erməni cəmiyyətində hiddət yaratmışdı. Ölkədə Rusiya əleyhinə mitinqlər keçirilirdi. Həmçinin Ermənistanın KTMT-dan çıxması tələb olunurdu. Həmin günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında çıxış edən Paşinyan ölkə daxilindəki anti-Rusiya abu-havasından istifadə edərək KTMT-nın, dolayısı ilə Moskvanın əleyhinə fikirlər səsləndirmişdi. Paşinyan çıxışı zamanı ölkəsindəki anti-Rusiya meyillərinin artmasına da işarə etmişdi. O demişdi ki, KTMT və Rusiya baş verənlərə reaksiya vermədiyi üçün cəmiyyətdə çoxsaylı suallar yaradır.

Bundan başqa, Ermənistanda davam edən Qərb-Rusiya qarşıdurmasında vəziyyətin gün keçdikcə Moskvanın ziyanına dəyişdiyini hər iki güc mərkəzindən İrəvana edilən səfərlər zamanı cəmiyyətin reaksiyasına nəzər salmaqla da görə bilərik.

Məsələn, 12-14 sentyabr təxribatından sonra Ermənistana səfərə gələn ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvanda gül-çiçəklə, dəstək mitinqləri ilə qarşılanmışdı. KTMT-nin iclasında iştirak etmək üçün İrəvana gələn Rusiya prezidenti Vladimir Putin isə Moskva əleyhinə təşkil olunan mitinqlərlə qarşılanır. İrəvanda Putinin əleyhinə keçirilən mitinqlərdə Rusiyaya qarşı kəskin şüarlar səsləndirilir. Təbii ki, həm “Pelosiyə dəstək”, həm də “Putinə nifrət” mitinqinin təşkilatçısı birbaşa Ermənistan hakimiyyətidir.

Göründüyü kimi, Paşinyan hakimiyyəti ölkədə yüksələn anti-Rusiya meyillərindən məmnundur. Proseslərin gedişi göstərir ki, Paşinyan cəmiyyətdə artan anti-Rusiya abu-havasından istifadə edərək ölkənin həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan Moskvanın nəzarətindən çıxarılması prosesini davam etdirəcək. Amma Ermənistanın sərhədlərinin, hərbi sənayesinin və iqtisadiyyatının Moskvanın nəzarəti altında olduğunu nəzərə alsaq, Paşinyanın anti-Rusiya təbliğatının əks nəticə də verə biləcəyini güman edə bilərik. Yəni ehtimal etmək olar ki, İrəvan Moskvadan uzaqlaşdıqca Rusiyanın Ermənistana hərbi, iqtisadi və siyasi təzyiqi artacaq. Bu isə Paşinyan hakimiyyəti üçün böyük fəlakətə çevriləcək.

Xəbər lenti

Xəbər lenti