...

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 24 Noyabr 2022 22:24 (UTC +04:00)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Say Çum parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib. Bildirib ki, Kamboca Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir. O, Azərbaycanın təşəbbüsü ilə Şəbəkənin yaradılmasına və Bakı şəhərində təşkilatın birinci konfransının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfərdən məmnunluğunu ifadə edərək, göstərilən qonaqpərvərliyə, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə təşəkkür edib. O, səfər çərçivəsində Kambocada keçirdiyi görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyini bildirərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün dostluq qruplarının qarşılıqlı fəaliyyətinin önəmini vurğulayıb.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti