Bakı. Trend:
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı 27 dekabr tarixində yaydığı məlumata dair vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyənatda deyilir:
“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyası ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi tvitter hesabında 27 dekabr tarixində edilən paylaşımla bağlı təəssüf hissimizi ifadə edirik.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından daha obyektiv, qərəzsiz və ədalətli yanaşma gözlənilsə də, qurumun sosial şəbəkə vasitəsilə paylaşdığı fikirlər həqiqəti əks etdirməməklə yanaşı, regionda sülh quruculuğu fəaliyyətinə kölgə salmaqdadır.
Məsələ ilə bağlı bildiririk ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar vətəndaş cəmiyyəti nümayəndələrində narahatlıq yaratmaqdadır. Bu səbəbdən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarını dünya ictimaiyyətinin diqqətini çatdırmaq məqsədilə dinc aksiya keçirilir.
Eyni zamanda onuda vurğulamaq istəyirik ki, televiziya kanalları üzərindən müntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri qida vasitələrinin təminat maşınları, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi - Laçın yolu vasitəsilə sərbəst keçidinə aksiya iştirakçıları tərəfindən gündəlik əsasda şərait yaradılır.
Həmçinin hər hansı zəruri ehtiyaclar yaranarsa, aksiya iştirakçıları tərəfindən ərazilərimizdə yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğumuzu da dəfələrlə bəyan etmişik. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün QHT-lər tərəfindən qaynar xəttin (+994702779911) yaradılmasıdır.
Bu bəyənatı imzalayan vətəndaş cəmiyyəti üzvləri olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə və bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırırırıq".
Bəyanatı aşağıdakı şəxslər imzalayıb:
Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi
Qəmzə Yusubova- Ekoloji Maarifçilik və Monitorinq ictimai
birliyi
Umud Mirzəyev- Beynəlxalq Avrasiya Mətbuat Fondu
Qorxmaz İbrahimli- Biosfer İctimai Birliyi
Səadət Bənənyarlı- Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan
Milli Bölməsi
Rəfail Becanov- İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
Rauf Zeyni- Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Ayaz Mirzəyev-“Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai
Birliyi”
Anar Xəlilov-"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi
Ramil İsgəndərli- Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
Xalid Kazımov- Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai
Birliyi
İlqar Hüseynli- Sosial Strateji Tədqiqatlar və Analitik
Araşdırmalar ictimai birliyi