Bakı. Trend:
Rusiya hərbçiləri rəsmi Bakının Ermənistanın Laçın yolundan mina daşınmasında istifadə etdiyinə dair məlumatı araşdırır.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasındakı razılaşmaya əsasən Laçın yolu yüklərin, vətəndaşların və nəqliyyatın keçidi üçün açıq olmalı idi.
“Lakin orada heç bir hərbi yük olmamalıdır. Azərbaycan tərəf məlumatı təqdim edib, Rusiya sülhməramlıları onları araşdırır. Məlumatda Ermənistan tərəfin oraya Azərbaycan mövqeləri ilə yanaşı əraziləri minalamaq üçün mina daşıdığı deyilir”, - o əlavə edib.
Qeyd edək ki, bu yaxında sosial şəbəkələrdə ermənilərin ötən il qanunsuz şəkildə Laçın yolu ilə daşıdığı materiallardan istifadə etməklə Qarabağda inşa etdikləri üç hərbi obyektin peyk görüntüləri yayılmışdı.
Bu, ermənilərin qeyd olunan yolun müstəsna olaraq humanitar məqsədlərlə istifadəsini nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan hərbi məqsədlərlə istifadə etdiklərinin növbəti əyani sübutudur.
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında Azərbaycanın QHT nümayəndələrinin Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı dinc aksiyası artıq otuz səkkiz gündür ki, davam edir.
Qeyd edək ki, 2022-ci il 3 və 7 dekabr tarixlərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılan danışıqların nəticələrinə əsasən, dekabrın 10-da Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri üzrə Dövlət Xidməti və “AzərGold” QSC mütəxəssislərindən ibarət qrup faydalı qazıntı yataqlarının qanunsuz istismarı, o cümlədən bunun Azərbaycanın müvəqqəti olaraq rus sülhməramlı kontingentinin yerləşdiyi ərazisindəki ekoloji və digər təsirləri üzrə vəziyyətlə əlaqədar ilkin monitorinq keçirməyə hazırlaşırdı. Faydalı qazıntı yataqlarının, xüsusən Qızılbulaq qızıl filiz yatağının və Dəmirli mis-molibden yatağının araşdırılması, müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, potensial zərərin və ətraf mühit üçün risklərin, yeraltı və səth su mənbələrinin qiymətləndirilməsi planlaşdırılırdı. Lakin qrup rus sülhməramlılarının müşayiəti ilə monitorinqin keçiriləcəyi əraziyə gəlməyinə baxmayaraq, hər iki istiqamətdə təxribatlarla q arşılaşdı. Beləliklə, planlaşdırılan baxış və monitorinq ona görə baş tutmadı ki, rus sülhməramlıları nəinki bunun üçün zəruri şəraiti yaratmadı, həm də qəsdən bu prosesin pozulmasında iştirak etdi.