...

Sovet-erməni ittifaqı Azərbaycanın azadlıq mübarizəsinə qarşı - Qisas Vətən Müharibəsində alındı

Siyasət Materials 20 Yanvar 2023 00:05 (UTC +04:00)
Sovet-erməni ittifaqı Azərbaycanın azadlıq mübarizəsinə qarşı - Qisas Vətən Müharibəsində alındı
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Xalqımız həm azadlıq mübarizəsinə başladığı, həm də müstəqillik əldə etdiyi ilk dövrlərdə qanlı proseslərə və kütləvi qırğınlara şahidlik edib.

Qarabağda separatçılıq və Qərbi azərbaycanlıların deportasiyası

- Sovet İttifaqında baş verən proseslərdən istifadə edən ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsində separatçılığın ilk toxumlarını səpməyə başladılar. Proseslər 1987-ci il iyun-iyul aylarında başlamışdı. Prosesə siyasi və etnik münaqişə donu geyindirən ermənilər, Xankəndinin küçələrində vərəqələr paylayıb, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başladılar. Həmin dövrdə silahlı ermənilərin azərbaycanlıların yaşadığı kəndlərə hücumları prosesi idarəolunmaz hala gətirib çıxardı;

- Ermənilər Qarabağda etnik münaqişəni alovlandırdıqdan sonra - 1988–1989-cu illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası prosesinə start verdilər. Proses vahid mərkəzdən idarə olunurdu. Azərbaycanlılar gah iş yerlərinə buraxılmırdı, gah uşaqlarına hədə-qorxu gəlinirdi, gah da onlara gündəlik ərzaq mallarının satılmasından imtina edilirdi. Bir müddət sonra ermənilər daha da irəli gedərək, azərbaycanlıların yaşadıqları evlərə basqınlar edir, onlardan mənzillərini tərk etmələrini tələb edirdilər. Son mərhələdə isə ermənilər azərbaycanlılara qarşı silahlı hücumlar təşkil edib, onları evlərindən çıxardılar. Azərbaycanlılar isə sistemli silahlı hücumlar qarşısında tab gətirə bilmədikləri üçün doğma yurdlarını tərk etməli oldu. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus 261 kənd və qəsəbə boşaldıldı. 1989-cu ildə isə proses daha kütləvi hal aldı və həmyerlilərimizin Qərbi Azərbaycandan çıxması prosesi sürətləndi. Bununla da, 1988-1989-cu illər Qərbi azərbaycanlıların kütləvi deportasiyası kimi tarixə düşdü. Xüsusilə qeyd etmək lazımdır ki, 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. Deportasiya nəticəsində 250 min azərbaycanlı qaçqın düşüb.

Təbii ki, Qarabağdakı proseslər və Qərbi azərbaycanlıların deportasiyası xalqımızda böyük hiddət doğurmuşdu. Azərbaycan xalqının hadisələrə etiraz etməsi Sovet İttifaqının rəhbərliyi tərəfindən birmənalı qarşılanmadı.

Bu səbəbdən, Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olub, dinc sakinləri gülləbaran etdi. Qanlı gecədə Azərbaycan xalqı 150 nəfər şəhid verdi. Sovet ordusunun amansızlığı və qəddarlığı Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi.

Bakıda fövqəladə vəziyyət tətbiq edilsə də, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.

Azərbaycandan Sovet İttifaqına ilk etiraz və möhkəmlənən xalq birliyi

Məlumdur ki, Sovet İttifaqı sərt qanunlarla idarə olunub. Bu səbəbdən, ermənilərin Sovet rəhbərliyinin icazəsi olmadan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini düşünmək sadəlövlük olardı. Təbii ki, ermənilərlə Moskva birgə hərəkət edirdi.

Bu səbəbdən, Sovet rəhbərliyi Bakıya qoşun yeritməklə Azərbaycan xalqının milli iradəsini qırmaq, Qərbi azərbaycanlıların zorla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək istəyirdi.

Moskvanın Azərbaycan xalqına qarşı yürütdüyü aqressiv siyasət ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanmışdı. Həmin vaxt İttifaq ordusunun Bakıda törətdiyi qətliama ilk etirazı ümummilli lider Heydər Əliyev etmişdi. 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Ümummilli lider Heydər Əliyev noyabrın 20-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmişdi.

Sitat: "...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir".

Göründüyü kimi, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı 20 Yanvar hadisələrində sarsılmazlığını, mətinliyini göstərdi.

Sovet rəhbərliyi tərəfindən xalqımıza qarşı həyata keçirilən aqressiv siyasət milli azadlıq hərəkatını daha da gücləndirdi, prosesin dönməz xarakter almasına səbəb oldu. Xalq artıq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görürdü.

20 Yanvarda sönməyən nifrət və törədilən yeni qırğınlar

Sovet-erməni ittifaqı 20 Yanvar faciəsindən sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınları dayandırmadı. Ermənilər Sovet İttifaqında gedən dağılma prosesindən istifadə edərək, Azərbaycana qarşı ərazi iddialarını genişləndirmə başladılar. Proses ermənilərin Azərbaycan kəndlərinə hücumlar təşkil etməsi ilə daha dramatik məcraya yönəldi.

Azərbaycanlılara qarşı təşkil olunan hücumlar:

- Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı;

- Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi;

- 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı;

- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı törədildi. Soyqırımı nəticəsində 613 nəfər həyatını itirdi;

- 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində kütləvi qırğınlar törədildi.

Qeyd edək ki, bu hadisələrin qanlı izləri işğaldan azad olunmuş ərazilərdə tapılan kütləvi məzarlıqlar şəkilində üzə çıxır.

Azərbaycan xalqının işğala qarşı barışmaz mövqeyi və Qarabağ Zəfəri

80-ci illərin sonlarından ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi separatçılıq və kütləvi qırğın siyasəti sonda Qarabağın işğalı ilə nəticələndi. Amma Azərbaycan xalqı bu işğalla barışmadı və müstəqilliyini möhkəmləndirdi, silahlı qüvvələrini müasirləşdirdi. Bir sözlə, Azərbaycan Qarabağın işğaldan azad olunmasına addım-addım irəlilədi. Nəhayət 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan hərbi əməliyyatlar nəticəsində Qarabağ işğaldan azad olundu. Bu müharibədə həm də 20 Yanvar şəhidlərinin qisası alındı. Qarabağ qələbəsi onların ruhuna dinclik verdi.

Qarabağa reallaşan "Böyük Qayıdış" və Qərbi Azərbaycana dönüş planı

Bu gün Azərbaycan xalqı Qarabağa "Böyük Qayıdış"a şahidlik edir. Qarabağ yenidən qurur, illər əvvəl qaçqın düşən həmyerlilərimiz öz doğma yurdlarına köçürlər.

Həmçinin "Böyük Qayıdış" proqramına paralel olaraq, Qərbi azərbaycanlıların öz doğma yurdlarına geri qaytarılması ilə bağlı sistemli iş aparılır. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. Bu səbəbdən, əminliklə deyə bilərik ki, Qərbi Azərbaycandan olan qaçqınlar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Buna inamın kökündə 20 Yanvar hadisələrində, həmçinin Vətən Müharibəsində göstərilən milli birlik və müqavimət ruhu dayanır.

Xəbər lenti

Xəbər lenti