Bakı. Trend:
Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə tvitter hesabında Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bildirib.
"Bu gün Azərbaycanın İrandakı səfirliyinə hücum edilib. Bir təhlükəsizlik əməkdaşı həlak olub. Bu, Azərbaycan diplomatik missiyalarına son 2 ildə 5-ci hücumdur. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkə tərəfindən Vyana Konvensiyasının həyata keçirilməsinə çağırırıq", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.