...

Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktına görə bütün məsuliyyəti İran daşıyır - Vüqar Rəhimzadə

Siyasət Materials 27 Yanvar 2023 14:10 (UTC +04:00)
Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktına görə bütün məsuliyyəti İran daşıyır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Məlumdur ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Baş verən hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bildirir ki, hazırda bu xain hücum üzrə araşdırma gedir.

Baş verən bu terror hücumu müəyyən sualların yaranmasına səbəb olub. Nəzərə alaq ki, səfirliklərin təhlükəsizliyinin təminatı yerləşdiyi ölkənin məsuliyyəti üzərinə düşür. Bu, artıq baş verən hadisəyə aydınlıq gətirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti 1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik Əlaqələr Haqqında Konvensiyaya yönəldərək bildirib ki, Azərbaycan 1992-ci ildə Vyana Konvensiyasına qoşulub: “Konvensiyanın maddələrinə əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır. Eyni zamanda, sənədə əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Beynəlxalq konvensiyaya uyğun olaraq bu fikri qəti şəkildə qeyd edirik ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. Lakin yayılan informasiyalardan da göründüyü kimi, İran məsuliyyətdən boyun qaçırmağa çalışır. Belə ki, baş verən terroru ailə-məişət zəminində insident kimi təqdim etməyə səy göstərir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. İran tərəfi hansı diqqətyayındırıcı şərlərə üstünlük verməyə, özünə haqq qazandırmaq üçün çalışsa da, reallıq budur ki, Azərbaycan səfirliyinə hücum terror aktıdır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti son zamanlar Azərbaycan-İran münasibətlərindəki gərginliyə də yönəldib: “İranın erməni sevgisi regionda dayanıqlı sülhə, təhlükəsizliyə, sabitliyə xidmət edən bütün addımların əleyhinə çıxış etməsi ilə müşayiət olunur. Belə ki, Azərbaycanın əleyhinə iş aparır, təxribat xarakterli addımlar atır, riyakar davranış və düşmənçilik hərəkətləri nümayiş etdirir. İran rejimi istər 30 illik işğal, istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə Ermənistana hər cür dəstək göstərib və bu gün də davam edir. Tehrandakı səfirliyimizə olan dövlət terroru da İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin bir daha təsdiqidir. Azərbaycanın tarixi Zəfərini həzm etməyən rəsmi Tehran bunu atdığı addımları ilə açıq-aydın şəkildə büruzə verir. Dünya güclərinin qəbul etdiyi bu reallığı Tehran da qəbul etməli, münasibətlərdə gərginlik yaradacaq belə təhlükələrdən, terror əməllərindən əl çəkməlidir. Bütün hallarda son sözü ədalətə və beynəlxalq hüquqa söykənən siyasət deyir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti