Bakı. Trend:
Yaponiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə səfirliyin sosial media hesabında qeyd edilib.
“Yaponiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir”, - deyə paylaşımda deyilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.