...

Səfirlik əməkdaşlarına qarşı terror aktı qəbuledilməzdir - Qırğızıstan XİN rəhbəri

Siyasət Materials 27 Yanvar 2023 20:35 (UTC +04:00)
Səfirlik əməkdaşlarına qarşı terror aktı qəbuledilməzdir - Qırğızıstan XİN rəhbəri

Bakı. Trend:

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edən Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, Səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həyatını itirməsini dərin kədər hissi ilə qeyd edərək, öz başsağlığını çatdırıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən bu kimi xain hücumları qətiyyətlə pisləyən nazir Ceenbek Kulubayev, Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, Səfirlik əməkdaşlarına qarşı bu terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığına və həmrəylik nümayişinə görə öz həmkarına təşəkkür edərək, Səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarlarının müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti