Bakı. Trend:
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının "İslam dünyası: modernləşmə və inkişaf çağırışları" mövzusunda keçirilən 17-ci sessiyasında çıxış edib.
Sessiya iştirakçılarını salamlayan Milli Məclisin spikeri dəvətə və göstərilən qonaqpərvərliyə görə Əlcəzair parlamentinə təşəkkür edib.
Milli Məclisin sədri İslam dünyasının zəngin tarixə və mədəni irsə, böyük resurslara malik olmasına baxmayaraq, bu gün hələ də həllini gözləyən böyük çətinliklərlə üzləşdiyini qeyd edib və bildirib ki, yoxsulluq, sosial və iqtisadi bərabərsizlik, silahlı qarşıdurmalar, humanitar böhranlar, terrorizm və ekstremizm modernləşmə və inkişaf səylərinə ciddi təsir göstərir və onlara mane olur. Eyni zamanda, Danimarkada, Türkiyənin İsveçdəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılması, Niderlandda baş verənlər də göstərir ki, islamofobiya, ksenofobiya, irqçilik hələ də bitməyib, əksinə demokratiya, insan hüquqları və söz azadlığı adı altında pərdələnərək fikir ayrılıqları və nifrət yaratmağa davam edir.
Spiker bildirib ki, bu çətinliklərin öhdəsindən gəlmək və öz potensialını tam reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi İslam dəyərlərinə uyğun birliyə və həmrəyliyə ehtiyacı var. Bu mənada, İslam Əməkdaşlıq Təşkilatı həmrəyliyimizin möhkəmləndirilməsi üçün vacib və səmərəli mexanizmdir və ümumi məsələlər üzrə əməkdaşlığımızın, birgə fəaliyyətimizin və davamlı mövqeyimizin inkişafı üçün mühüm zəmindir. Spiker Sahibə Qafarova bildirib ki, parlament diplomatiyasının beynəlxalq siyasətin mühüm alətinə çevrildiyi bugünkü şəraitdə bu Parlament İttifaqının həmrəylik, dialoq və əməkdaşlıq üçün səmərəli platforma kimi daha da inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur.
O, qeyd edib ki, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması və inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Vurğulanıb ki, bu, İƏT-ə üzv dövlətlərin nazirlərinin müxtəlif görüşlərinin və Fələstin üzrə konfransların təşkili, İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Birliyi kimi yeni təsisatların yaradılması təşəbbüsləri ilə təsdiqlənir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi, COVİD-19 pandemiyası zamanı müsəlman ölkələrinə maliyyə və humanitar yardımın göstərilməsi də Azərbaycanın İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş səyləridir.
Milli Məclisin sədri deyib ki, islamofobiyaya qarşı açıq şəkildə çıxış edən Azərbaycan bir çox ölkələrdə sülh və mərhəmət dini olan İslamın həqiqi mahiyyətini nümayiş etdirən və İslam mədəniyyətini təbliğ edən konfrans və sərgilər təşkil edib. Həmçinin 2008-ci ildə İƏT-ə və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlayan "Bakı Prosesi" və sonradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınıb.
Spiker vurğulayıb ki, İslam ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı və qarşılıqlı dəstəyi səsimizin beynəlxalq səviyyədə eşidilməsinə imkan yaradır. İslam ölkələrinin Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini dəstəklədiyini qeyd edən Sahibə Qafarova bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə İslam dünyasının maraqlarına cavab verən bir sıra təkliflər irəli sürüb və onları reallaşdırıb ki, bunların sırasında terrorizmlə mübarizə üzrə beynəlxalq konfrans, BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi üzrə yüksək səviyyəli görüş kimi tədbirləri göstərmək olar.
Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının bu 17-ci konfrans çərçivəsində əməkdaşlığa dair memorandum imzalamaqla və qarşılıqlı şəkildə müşahidəçi statusu əldə etməklə, əməkdaşlıq qurmağa qərar verdiklərini, bu əməkdaşlığın ümumi məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.
Sahibə Qafarova qeyd edib ki, indi müşahidə etdiyimiz qlobal proseslər yürüdülən müəyyən siyasətlərin və davranışların hələ də dəyişmədiyini bizə öyrətdi. Bu isə bugünkü beynəlxalq sistemin zəif nöqtəsinə çevrilibdir. Belə ki, keçmiş və indiki təcrübələri müqayisə edərkən aydın olur ki, əslində, bu siyasətlərin mahiyyəti dəyişməyib, yalnız dövrün tələblərinə uyğun olaraq onların həyata keçirilməsi üsulları dəyişib.
Azərbaycan parlamentinin spikeri bildirib ki, hamımız İslam dünyasının mühüm üzvlərindən biri olan, müstəqil və inkişaf edən Əlcəzairə bugünkü konfransın keçirilməsinə görə minnətdarıq, ancaq bilirik ki, bu nailiyyətlər, Fransanın Əlcəzair xalqına qarşı uzun illər ərzində törətdiyi ifrat şiddət, zorakılıq və müharibə cinayətlərindən sonra 1,5 milyondan çox şəhidin həyatı bahasına əldə edilib.
Spiker diqqətə çatdırıb ki, Əlcəzair müstəqillik qazandıqdan təxminən 30 il sonra, 90-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi qonşumuz Ermənistan tərəfindən işğal edilib və 30 il işğal altında qalıb. O, bildirib ki, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Həmçinin Ermənistan bütün müsəlmanlara tam hörmətsizlik və nifrət hissi ilə bizim məscidlərimizi dağıdıb və təhqir edib, onlardan donuz və inək tövləsi kimi istifadə edib. Vurğulanıb ki, Ermənistanın etnik təmizləmə aparması nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsi, İƏT də daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların qətnamələri və qərarları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında danışıqlarda vasitəçi olub. Lakin münaqişənin həllinə kömək etmək əvəzinə, bu qrupun, xüsusən də Fransanın nə müharibə, nə də sülh vəziyyətinin əbədi qalması üçün məsələni dondurmağa çalışdığı aşkar idi.
Milli Məclisin sədri bildirib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, üç minə yaxın şəhidin həyatı bahasına BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirməklə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını, keçmiş məcburi köçkünlərimizin artıq doğma yurdlarına qayıtması prosesinin başladığını bildirən parlamentin sədri, indiki Ermənistan ərazisində əsrlər boyu yaşadıqları doğma torpaqlarından deportasiya edilmiş azərbaycanlıların da hüquqlarının bərpa olunacağına və onların öz yurdlarına geri qayıdacaqlarına olan inamını da tədbir iştirakçıları ilə bölüşüb. Bu insanlardan ibarət olan Qərbi Azərbaycan icması artıq beynəlxalq birliyə müraciət edib və bu prosesin praktiki cəhətdən həyata keçirilməsi üçün "Qayıdış Konsepsiyası" hazırlayıb.
Azərbaycan parlamentinin rəhbəri bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. Lakin Ermənistan hələ də üzərinə götürdüyü öhdəliklərə əməl etmir və bu prosesdə destruktiv mövqe nümayiş etdirir, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla yanıltmağa çalışır. Təəccüblü deyil ki, bu manipulyasiyalar elə həmin Fransa tərəfindən dəstəklənir və hətta təhrik olunur.
Sahibə Qafarova vurğulayıb ki, bu yuxarıda deyilənlər bizi daha bir vacib məqama - beynəlxalq təşkilatlarda, xüsusən də BMT Təhlükəsizlik Şurasında ikili standartlara və ayrı-seçkiliyə gətirib çıxarır. Qeyd olunub ki, bu sahədə islahatlara ehtiyac olduğunu bir çox ölkələr bəyan ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda yerli KİV-ə müsahibəsində bu məsələyə bir daha toxunub.
Spiker bildirib ki, Təhlükəsizlik Şurasının formatına yenidən baxılmasının vacibliyini vurğulayan cənab Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan müsəlman ölkəsi üçün bir daimi yerin və Qoşulmama Hərəkatı üçün bir yerin ayrılmasını təklif edib. Parlamentin sədri bildirib ki, bu, müasir beynəlxalq siyasət baxımından daha ədalətli və balanslı bir təmsilçilik olacaqdır.
Sahibə Qafarova Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq, bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib. Bu terror aktına görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyən spiker bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi. Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik.