Bakı. Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistanı tərk edir və bu bizi narahat edir.
Trend-in erməni mediasına istinadən məlumatına görə, bu barədə bu gün Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"2022-ci ildə KTMT Baş katibinin mənə dediyinə görə, KTMT Ermənistanın təşkilatdan çıxacağından narahatdır. Mən cavab verdim ki, bu narahatlıq yersizdir, lakin Ermənistanda narahat olası başqa məsələ var ki, bu da KTMT-nin Ermənistandan çıxacağı ilə bağlıdır. Mənim fikrim belədir ki, KTMT istəyindən asılı olmayaraq Ermənistanı tərk edir və bu bizi narahat edir",- o deyib.
Paşinyan həmçinin İrəvanın KTMT baş katibinin müavini kvotasından imtinasını da şərh edib.
O bildirib ki, istənilən mexanizm, o cümlədən kvotanın mövcudluğu da Ermənistanın təhlükəsizlik sisteminin əlavə sütunu olmalıdır:
"Əgər bu kvota təhlükəsizliyə kömək etməyəcəksə, Ermənistan onu mənasız hesab edir".
Qeyd edək ki, Ermənistan faktiki olaraq ölkənin təşkilatdan çıxmasının başlanğıcı olaraq dəyərləndirilə biləcək bir neçə addım atıb.
Belə ki, İrəvan 2023-cü ildə öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etdi. O zaman Paşinyan Ermənistan hakimiyyətinin mövcud vəziyyətdə təlimlərin keçirilməsini "məqsədəuyğun" hesab etmədiyini bildirmişdi.
Bu yaxında isə Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib.