...

Azərbaycanla zor dilində danışmaq İran rejiminə fayda verə bilməz - Tahir Rzayev

Siyasət Materials 8 Aprel 2023 17:05 (UTC +04:00)
Azərbaycanla zor dilində danışmaq İran rejiminə fayda verə bilməz - Tahir Rzayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətimizlə zor dilində danışmaq, yalan-böhtan bəyanatlar vermək İran rejiminə fayda verə bilməz.

İsraildə Azərbaycan səfirliyinin açılmasına etirazlarını bildirən, bununla bağlı bizə təhdid xarakterli mesajlar göndərən, hətta Azərbaycanı islam dünyasına xəyanətdə günahlandıran İran Parlamentinin deputatlarının bəyanatı, fikirləri korlara, karlara və dünyadan xəbərsizlərə məxsus ola bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O qeyd edib ki, çünki bu deputatlar özlərinə qardaş bildikləri, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən, insanlarımızı diri - diri yandıran, asan, kəsən, milyondan çox vətəndaşımızı əsir gününə qoyan, dini - tarixi mədəni abidələrimizi yer üzündən silən, məscidlərimizdə donuz saxlayan düşmənlərimizin - ermənilərin hərəkətlərini, çirkin əməllərini görmürlər, görməməzliyə vururlar.
“Bu 210 nəfər parlament üzvü İran Ermənistana silah - sursat verib, maddi yardım göstərib balalarımızın, qoca və qadınlarımızın, qızlarımızın ölümünə, əsir götürülməsinə imkan yaradanda harada idilər, niyə susurdular? Nədən belə dil - dil ötmürdülər?

Axı onlar erməni təcavüzkarlarının azərbaycanlıların başına gətirdikləri bəlaları uzun illərdir görürlər, bilirlər və bilavasitə özləri də bu çirkin əməllərin iştirakçısıdılar, terrorçulara, təcavüzkarlara şərikdirlər.

İran deputatları hər vaxt təcavüzkarların yanındadır, onlarla qol - boyundur, qardaşdır. Belə olan halda İsraildə Azərbaycan səfirliyinin açılmasında Azərbaycanı qınamaq, hədə dolu ifadələr işlətmək nadanlıqdan başqa bir şey deyil. Bu siyasi korluq, ağılsızlıq, əsl riyakarlıqdır”, - deyə o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın Fələstinlə münasibətləri normaldır.

“Biz Fələstinlə problemi olan ölkələrə silah vermirik, yardım göstərmirik. Ancaq İran bizim düşmənlərimizə silah, yanacaq verir, təcavüzkarların mövqeyindən çıxış edir. Zəngəzur dəhlizinin açılmasına mane olur, ölkədə yaşayan soydaşlarımızı çıxılmaz vəziyyətdə saxlayır, səfirliyimizin əməkdaşlarını qətlə yetirib və yaralayırlar. Milli Məclisin deputatı Fazil Mustafaya sui - qəsd təşkil edirlər, terror həyata keçirirlər.

İranlı deputatlar, İranın hakim dairələri ağıllarını başlarına yığmalıdılar. Düşdükləri vəziyyəti, xalqın artan narazılığını, yürütdükləri siyasətin ağrılarını, problemlərini təhlil etməlidirlər, tutduqları əyri yoldan anti - Azərbaycan təbilğatından, düşmənçilikdən çəkinməlidilər.

Düşmənlərimizə qardaş deyib bizi etibarsızlıqda günahlandırmaq ağıllı düşüncə sahibinə xas deyil. Bu əmmaməlikdir. İran Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən çəkinməlidir. Dövlətimizlə zor dilində danışmaq, yalan - böhtan bəyanatlar vermək molla rejiminə fayda verə bilməz”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti