...

Baydenin Bakı ilə bağlı planı nədir? - ABŞ liderinin məktubundakı ƏSAS DETALLAR

Siyasət Materials 31 May 2023 12:59 (UTC +04:00)
Baydenin Bakı ilə bağlı planı nədir? - ABŞ liderinin məktubundakı ƏSAS DETALLAR
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari hadisələr, Prezident İlham Əliyevin son bir ay ərzində keçirdiyi görüşlər, etdiyi səfərlər və aparılan müzakirələrin məzmunu və əhatə dairəsi ölkəmizin beynəlxalq nüfuzunu, Bakının nəyinki regional miqyasda əsas mərkəzə çevrildiyi, hətta qlobal gündəliyə təsir edən və mühüm məsələlərin həllində söz sahibi kimi çıxış etdiyi təsdiq edir.

Bu gün Azərbaycanın nəyinki regional, eləcə də qitənin və ümumi olaraq materikin təhlükəsizliyi məsələsindəki əhəmiyyəti, həlledici funksiyası sürətlə artır. Artıq dünyanın aparıcı güc mərkəzləri, əsas aktorları bu gün istənilən məsələdə Azərbaycanın fikri, mövqeyi ilə hesablaşmağın vacibliyini hiss edirlər. Bu proses 44 günlük Vətən müharibəsinin ardından daha da aktuallığını artırıb.

Hazırda Azərbaycanın öz logistika imkanları, qitənin enerji təhlükəsizliyindəki vacib iştirakı ilə yanaşı öz iqtisadi və hərbi gücünü artırması da bu məsələdə olduqca önəmli faktor kimi diqqətdən yayınmır.

Bu gün ABŞ dövlət başçısı Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycanla bağlı yer verdiyi fikirlərlə yanaşı Prezident İlham Əliyevə ünvanladığı məktubun məğzinə də nəzər yetirəndə rəsmi Vaşinqton üçün Bakının qlobal və regional məsələlərdəki rolunun nə qədər yüksək olduğunu anlamaq olur.

Bayden istər tədbir iştirakçılarına, istərsə dövlət başçımıza ünvanladığı məktubda açıq bəyan edir ki, 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir.

Bəli, ABŞ lideri bu fikirlərlə bir daha Azərbaycanın nə qədər əhəmiyyətli bir tərəfdaş, etibarlı dövlət olduğunu və Prezident İlham Əliyevin yürütdüyü siyasətin, gördüyü işlərin Vaşinqtonda da təqdir edildiyini növbəti dəfə nümayiş etdirdi. Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu.

Co Baydenin də qeyd etdiyi, 30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırki reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə reigonda yeni siyasi - iqtisadi reallıqlar formalaşdırdı ki, bu da Azərbaycanın qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirməsində önəmli rol oynadı.

Baydenin məktubunun sonunda qeyd edilən "Biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik" fikirləri də bir daha düşünməyə əsas verir ki, artıq ABŞ da Azərbaycanın 3 il əvvəl yaratdığı yeni geosiyasi reallığı qəbul edir, bölgədə “Dağlıq Qarabağ” adlı münaqişənin yoxluğu ilə barışır və çox yaxşı anlayır ki, bu amil Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd etməkdədir.

Burada ortaya çıxan digər maraqlı məqam isə ondan ibarətdir ki, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər. Bakıya bu istiqamətdə ən böyük yardım sülh sazişinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında və təhlükəsizliyinin qarant altına alınmasında Ermənistana edilən təzyiqlərin artması istiqamətindədir.

Vaşinqton formatında mayın əvvəlində Ermənistan və Azərbaycan XİN başçıları arasında Dövlət Departamentinin rəhbərinin moderatorluğu ilə keçirilən görüşlər də ABŞ-ın Cənubi Qafqazda sülhün təşviqində nə qədər maraqlı olduğunu göstərdi. Ağ Evdə də yaxşı anlayırlar ki, bölgədə sabitlik hökm sürmədiyi müddətcə hər hansı bir iri iqtisadi layihələrin icrasının yaxın perespektivdə baş verməsinə ümidlər də azalır. Ona görə, ABŞ üçün də Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaxın perespektivdə imzalanması məsələsi prioritet məsələlərdən biri hesab edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti