Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının bu gün keçirilən iclası Ermənistan üçün bu il ən sarsıdıcı məğlubiyyətlərdən biri olub. Maraqlıdır ki, iclasın təşəbbüskarı Ermənistan olub. Demək olar ki, özləri bunu istədilər.
Bir neçə həftə əvvəl iclasın vaxtı açıqlananda Ermənistanda siyasətçilər, ekspertlər böyük xəyallar qurublar: Azərbaycana qarşı qətnamə qəbul olunacaq, dünya Qarabağın “blokadasını” pisləyəcək, və s. Bəs nə oldu?
BMT-də İrəvanın diplomatik məğlubiyyəti oldu. Ermənistan hakimiyyətinin, diplomatlarının, diasporunun, lobbisinin bütün səyləri nəticəsiz qaldı - toplaşdılar, söhbətləşdilər, dağılışdılar. Nəticə budur. Bəs ermənilər nəyə ümid edirdilər? Anlamaq çətindir.
Bu gecə baş verənlər İrəvan və şəxsən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan üçün ağır məğlubiyyətdir. O, gecənin qəhrəmanı olmaq üçün şəxsən Nyu Yorka uçub. Mirzoyan sabah jurnalistlərin suallarına necə cavab verəcəyini düşünməli olacaq.
Hətta fransız dostlar da Ermənistana kömək etmədilər: Fransa nümayəndəsinin BMT-dəki çıxışı hətta ermənipərəst deyildi - sözün əsl mənasında erməni idi. Alınmadı. Yeri gəlmişkən, bu, birinci dəfə deyil – ötən ilin dekabrında Ermənistan və Fransa artıq BMT-də Laçın “dəhlizi” məsələsini qaldırmağa cəhd ediblər, və buna nail ola bilməyiblər.
Bu gün də alınmadı. BMT Təhlükəsizlik Şurası üzvlərinin çıxışları həqiqəti göstərdi: aparıcı dünya təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ona hörmətlə yanaşır. Üstəlik, BMT Təhlükəsizlik Şurası faktiki olaraq regionumuzun reallıqlarını tanıdı, Azərbaycanın vəziyyətə tam qanuni şəkildə nəzarət etdiyini etiraf etdi. İclasda aparılan müzakirələr göstərdi ki, Ermənistanın qaldırdığı məsələ Təhlükəsizlik Şurasının formatına uyğun deyil, sadəcə olaraq, oraya aid deyil. Bu cür problemləri yerindəcə həll etmək lazımdır - və bu, BMT Təhlükəsizlik Şurasının diqqətini yayındırmadan ikitərəfli formatda həll oluna bilər.
Bugünkü görüşdən sonra İrəvanın indi hansı gündəmi irəli sürməyə çalışacağı o qədər də aydın deyil. “Blokada” haqqında danışmaq əbəsdir – bu gün onun olmaması faktiki olaraq BMT Təhlükəsizlik Şurasının susması ilə təsdiqlənib. Ermənistan sülhdən danışacaqmı? Azərbaycana qarşı davamlı təxribatlar fonunda İrəvan bunu necə edəcək?
Qarabağ separatçılarının da heç bir variantı qalmayıb. Artıq dünyada nə Ermənistana, nə Fransaya, nə də erməni lobbisinə arxalanmaq mümkün olmayacaq. Silahlı təxribat cəhdi ciddi şəkildə yatırılacaq. Qarabağ ermənilərinin başqa hansı seçimi var? Yalnız Azərbaycanla danışıqlar aparmaq. Həm də Azərbaycanın şərtləri ilə. Vəziyyətdən çıxmağın bütün digər yolları BMT Təhlükəsizlik Şurasının iclasında məhv edildi.
Təbii ki, Təhlükəsizlik Şurasının bugünkü iclası Azərbaycan diplomatiyasının gücünü göstərdi. Bu, Azərbaycanın nüfuzunu, potensialını və gücünü vurğulayan böyük diplomatik qələbə idi. Ermənistan və Fransa nümayəndələrinin təxribat xarakterli bəyanatları Bakının balanslı və əsaslandırılmış mövqeyi ilə tamamilə məhv edilib.
Bu gün bir daha təsdiq olundu ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Nikol Paşinyan və onun Xarici İşlər Nazirliyinin bir növ Azərbaycanın nümayişkaranə şəkildə pislənməsinə çevirməyə çalışdıqları Təhlükəsizlik Şurasının iclası ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, erməni təbliğatına və ideologiyasına böyük zərbə vurdu.
Emin Əliyev,
Trend BİA-nın baş redaktoru