...

Ermənistanın uğursuz “koridor şousu” və BMT-dəki fiasko

Siyasət Materials 21 Avqust 2023 11:51 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Ermənistan dövlətinin guya Azərbaycan tərəfinin Qarabağdakı ermənilərə qarşı "humanitar böhran" vəziyyəti yaratması ilə bağlı heç bir əsası olmayan müraciəti əsasında avqustun 16-da BMT Təhlükəsizlik Şurası öz toplantısını keçirdi. Sözügedən iclas Ermənistan üçün müsbət heçnə vermədi, Azərbaycana qarşı qarayaxma kampaniyası fiaskoya uğramış oldu.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verdi.

Ötən ilin dekabrında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılmasına cəhd göstərilsə də, nəticəsiz qalmışdı. Bu dəfə də Ermənistan yenə də ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi və nəticə dəyişməz qaldı.

Məsələni Trend-ə şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ermənistanın növbəti siyasi təxribatı iflasa uğradı.

"Əslində, bu gözlənilən idi. Çünki Ermənistanın irəli sürdüyü tələblər həm beynəlxalq hüquqa, həm də normal qonşuluq münasibətlərinə zidd bir məsələ idi. O, Azərbaycanın daxili işlərinə qarışacaq bir iddia irəli sürürdü və həmin iddia əsassız idi. Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni icmasının nümayəndələrinin humanitar fəlakətlə üzləşməsi iddiası öz təsdiqini tapmadı", - deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistanı siyasi cəhətdən müdafiə edən bir-iki ölkə oldu, amma BMT TŞ-nin əksər üzvləri bu gün problemin həllini Azərbaycanla Ermənistan arasında yaradılan normal münasibətlərin zəruriliyində görürdülər. Azərbaycan bu münasibətlərin normallaşması üçün bütün səylərini göstərir və daimi nümayəndəmizin çıxışında da bu öz əksini tapdı. Ermənistan isə əksinə, müxtəlif siyasi təxribatlar törədərək, Azərbaycanı, öz suveren hüquqlarından zidd addımlar atmağa məcbur edir.

"Qarabağ iqtisadi zonasında yaşayan insanların hər hansı bir humanitar problemi yoxdur və əgər problem yaranarsa, Azərbaycan öz ərazisi ilə onlara yol açmağa və istənilən məsələni həll etməyə hazırdır. Yəni bundan ideal variant ola bilməz. Azərbaycan heç bir zaman sərhədinin bir hissəsini öz ərazisinə heç bir nəzarət olmadan giriş-çıxış üçün açıq saxlaya bilməz.

Dünyanın heç bir ölkəsinin praktikasında belə bir hal yoxdur və dünənki müzakirələr Ermənistanı bir daha siyası məğlubiyyətə uğratdı. Onun yeganə çıxış yolu Azərbaycanla sülh danışıqlarına razılaşmaq, bizim ərazi bütövlüyümüzü tanımaqdır. Əks halda, təxribatlarına davam etdiyi müddətcə zərərini çəkəcək", - deyə Milli Məclisin deputatı əlavə edib.

Trend-ə açıqlama verən siyasi ekspert Turab Rzayev isə bildirib ki, BMT-dəki iclasa ermənilər çox ciddi hazırlaşırdı.

"Erməni ictimaiyyətinin iclasdan gözləntiləri çox böyük idi. Hətta ermənilər 44 günlük müharibəyə belə hazırlaşmamışdılar. Lakin Ermənistan BMT-də fiaskoya uğradı. Ermənistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı”, - deyə o, bildirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə qeyd edib ki, BMT TŞ-də Ermənistanın istəyi əsasında aparılan müzakirələr bir daha fürsət yaratdı ki, biz ermənilərin əsl simasını dünyaya göstərə bilək. Ermənilərin qeyri-səmimi istəkləri dünya ictimaiyyətinə nümayiş etdirildi.

"Azərbaycanın Cənubi Qafqazda sülh və əmin-amanlıq istəyən tərəf kimi mövqeyini nümayiş etdirməsi, düşünürəm ki, beynəlxalq gücləri düşünməyə, Ermənistanı dəstəkləyən qüvvələri isə reallıqları dərk etməyə imkan yaratdı.

Azərbaycan üç ilə yaxın bir müddət ərzində Ermənistanı sülhə məcburetmə siyasətini uğurla həyata keçirir. Biz beynəlxalq hüquqa söykənərək, işlərimizi mərhələli şəkildə həyata keçiririk və Laçın yolu üzərində qurulmuş nəzarət-keçid məntəqəsi, əslində, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün qurulub",- deyə o qeyd edib.

Düşünürəm ki, BMT TŞ-də Ermənistanın növbəti məğlubiyyəti və bu toplantıdan əliboş qayıtmaları onları yenidən düşünməyə vadar edəcək, Ermənistan məcbur olub Azərbaycanla sülh anlaşmasını imzalayacaq.

Naqif Həmzəyev əlavə edib ki, ermənilər yaradılmış “humanitar tır” şousuna son qoymalıdırlar və ya ancaq Azərbaycanın təklif etdiyi alternativ yollardan istifadə edərək, Xankəndiyə bu maşınlar daxil ola bilər. Onlar isə bu yolu seçmir, əksinə, Azərbaycanla kommunikasiyaları bağlayır və bununla öz əsl istəklərini ortaya qoyurlar. Ermənilər bununla da bir daha sübut edirlər ki, qətiyyən sülh istəmirlər, təxribatlara və Azərbaycana qarşı olan ərazi iddialarına davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti