Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ümumdünya İntiharların Qarşısının Alınması Günü ilə bağlı Trend-ə müsahibəsini təqdim edirik:
- Səbinə xanım. Əvvəlcə müsahibə üçün şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Məlum olduğu kimi, 10 sentyabr tarixi Ümumdünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd edilir. Bu günün əhəmiyyəti barədə məlumat verməyinizi istərdik.
- Təşəkkür edirəm. Bu gün İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd dünyada intiharların qarşısını almaq istiqamətində geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, intihar əleyhinə geniş təbliğatın aparılmasıdır.
Məlumdur ki, intihar hallarının sayı son dövrlərdə artmaqdadır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il dünyada 700 mindən çox insan intihar edərək həyatını itirir. İntihar halların aradan qaldırılması üçün maarifləndirmə işinin aparılması çox vacib məsələlərdən biridir. Məhz bu səbəbdən də 10 sentyabr tarixi diqqəti bu ciddi məsələyə yönəltmək, ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədi daşıyır. Bununla belə 2021-2023-cü illər üçün Ümumdünya İntiharın Qarşısının Alınması Gününün mövzusu "Fəaliyyət yolu ilə ümid yaratmaq" adlanır.
- Səbinə xanım, intihar hallarının başvermə səbəbləri haqqında nə deyə bilərsiniz?
- İntihar hallarının başvermə səbəbləri əsasən psixoloji,
sosioloji problemlərdən qaynaqlanır. Eyni zamanda, intiharların
əsas səbəblərindən biri də depressiyadır. Kədər, narahatlıq,
dəyərsizlik hissi insanların başqalarından uzaqlaşmasına, yuxu və
iştah pozuntusuna şərait yaradır. Nəticədə insanlar özünü yalnız
hiss edərək intihara cəhd edirlər.
Hazırda internetdən, telefonlardan istifadənin artması da intihara
meylliliyin çoxalmasına gətirib çıxarır. Belə ki, günün çox
hissəsinin müasir texnologiyalardan istifadə etməklə keçirilməsi,
bir sıra əhəmiyyətsiz və arzuedilməz informasiyaların toplanması
insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bununla da
insanlar tədricən başqa səmərəli fəaliyyətlərlə məşğul olmaqdan
uzaqlaşır və təəssüflər olsun ki, bu kimi hallar intiharla
nəticələnir.
Bütün bunlarla yanaşı, ailə-məişət zəminində baş verən zorakılıq
hadisələri, münaqişələr, xüsusilə ailə daxilində qadınlara və
azyaşlılara göstərilən təzyiq də intiharlarla nəticələnə bilir. Baş
verən çətinliklərin aradan qaldırılmasının mümkünsüz olduğunu,
həyatı boyunca bu təzyiqlərə məruz qalacağını düşünən şəxslər
tamamilə yanlış olaraq çıxış yolunu öz həyatına qəsd etməkdə
görürlər.
Bu cür halların qarşısının alınması üçün, təbii ki, müxtəlif
maarifləndirici tədbirlərin təşkil olunması mühüm əhəmiyyət kəsb
edir.
- Qeyd etdiyiniz kimi, bir çox hallarda təzyiqlərin olması intihar hallarının baş verməsinə gətirib çıxara bilir. Bəs intihar həddinə çatdırmaya görə təqsirləndirilən şəxslərə qarşı hansı hüquqi məsuliyyət tədbirləri tətbiq olunur?
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsinə (özünü öldürmə həddinə çatdırma) əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Tərəfinizdən bu əhəmiyyətli mövzu ilə bağlı nə kimi işlər görülüb?
- Ümumilikdə tərəfimizdən intihar hallarının qarşısının alınması
ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilib. Nəzərə almaq
lazımdır ki, intihar halları uşaqlar və yeniyetmələr arasında
çoxluq təşkil edir. Bu cür halların qarşının alınması üçün də
Ombudsman təsisatı tərəfindən bir sıra işlər görülür. Belə ki,
məlum olduğu kimi, tərəfimdən ənənəvi olaraq hər il oktyabrın
20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq Hüquqları Aylığı" elan
edilir. Bu tarixlərdə dövlət və yerli özünüidarə orqanları,
vətəndaş cəmiyyəti institutları, müvafiq qurumlar tərəfindən uşaq
hüquqlarına dair dəyirmi masalar, treninqlər, seminarlar,
kampaniyalar, sərgi və müsabiqələr keçirilir, araşdırmalar aparılır
və digər tədbirlər təşkil edilir.
Eyni zamanda, ayrı-seçkilik, istismar, sui-istifadə, laqeyd rəftar,
zorakılıqdan müdafiə, intihar hallarının qarşısının alınması kimi
mühüm məsələlər üzrə paytaxt və region məktəblərində psixoloq,
müəllim və şagirdlərin iştirakı ilə bir sıra silsilə
maarifləndirici tədbirlər keçirilir. Bundan əlavə, Ombudsman
Aparatı tərəfindən uşaq hüquqlarına dair müxtəlif mövzularda
maarifləndirici plakatlar hazırlanır və bu sosial reklamlar şəhərin
müxtəlif yerlərindəki açıq məkan reklam qurğularında yayımlanır.
Posterlərdə uşaqların zərərli təsirlərdən, istismardan,
ayrı-seçkilikdən, bullinq və intihardan, zorakılıqdan müdafiəsi,
eləcə də erkən nikahın qarşısının alınması, uşaqların fikirlərinin
dinlənilməsi və uşaq hüquq pozuntusuna dair Müvəkkilə müraciət ilə
bağlı şüarlar əks olunur.
- Bilirik ki, Ombudsman olaraq cari il bitdikdən sonra 2 aydan gec olmayaraq hazırladığınız illik məruzəni ölkə Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edirsiniz. İllik məruzələrdə intihar halları ilə bağlı nə kimi qeydlər edilib?
- Bəli, hər il "Azərbaycan Respublikasında insan hüquqlarının
qorunması haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi "Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü
maddəsinə uyğun olaraq hazırlanır.
Ötən il insan hüquq və azadlıqlarının səmərəli təmin olunması və
etibarlı müdafiəsi məqsədilə tərəfimizdən edilmiş təkliflərdən biri
də cinayət təqibi barədə məlumatlardan şübhəli və təqsirləndirilən
şəxslərin, eləcə də məhkumların ailə üzvlərinə, xüsusən də onların
azyaşlı övladlarına qarşı psixoloji təzyiq vasitəsi (bullinq) kimi
istifadə edilməsinin və bu təzyiqin səbəb ola biləcəyi ağır
nəticələrin (özünü öldürmə həddinə çatdırma, özünə xəsarət yetirmə,
tərəflər arasında ağır nəticələrə səbəb ola biləcək münaqişələrin
baş verməsi və s.) qarşısının alınması məqsədilə mediada şübhəli və
təqsirləndirilən şəxslər barəsində verilən (dərc edilən) foto və
video materiallarda onların üz görüntüsünün yayğın (bulanıq,
pikselli və s.) şəkildə təsvir edilməsi ilə bağlı qanunvericiliyə
zəruri əlavə və dəyişikliklərin edilməsi olmuşdur.
- Sosial şəbəkələrdə, eləcə də mediada intihar xəbərləri geniş işıqlandırılır. Bununla bağlı münasibətinizi öyrənmək istərdik.
- İntihar, həmçinin zorakılıq halları ilə bağlı informasiyaların
sosial şəbəkə və mediada geniş yayımlanması, təbii ki, insanların
psixoloji vəziyyətinə çox mənfi təsir edir. Qeyd etdiyim kimi, bu
cür mənfi informasiyaların yayılması insanlarda intihara
meylliliyin artmasına səbəb olur.
İnternet sürətlə inkişaf edir. Bu proses davam etdikcə müxtəlif
mənfi halların baş verməsində də ciddi artım müşahidə olunur.
Sosial şəbəkələrdə məişət zorakılığı, intihar və digər mənfi
xəbərlərin yayımlanması şəxslər arasında fikir ayrılığının
yaranmasına, münaqişələrin artmasına, cəmiyyətdə mənfi ictimai
rəyin formalaşmasına gətirib çıxarır.
Eyni zamanda, informasiyalarda istifadə olunan şəkillər də
insanların psixologiyasına mənfi təsir göstərə bilir. Xəbərlərə
neqativ başlıqların qoyulması da insanlarda mənfi düşüncənin
artmasına zəmin yaradır. Bu səbəbdən bu cür xəbərlərin hazırlanması
zamanı qeyd edilən məqamlara xüsusi diqqət yetirilməlidir. Həmçinin
mənfi halların yaşanmasını təbliğ edən bu kimi materiallar
yayımlanmamalı, maarifləndirici xəbərlərin sayı artırılmalıdır.
- Səbinə xanım, son olaraq, intihar hallarının qarşısının alınması məqsədilə ümumilikdə hansı tədbirlər həyata keçirilməlidir?
- Düşünürəm ki, intiharların qarşısının alınması ilə bağlı
preventiv addımların atılması aidiyyəti dövlət orqanları, təhsil
müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən
qeyri-hökumət təşkilatları, media qurumları, xəbər portalları
arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmalı və inkişaf
etdirilməlidir. Bu əməkdaşlıq çərçivəsində, xüsusilə maarifləndirmə
fəaliyyəti genişləndirilməli, sağlam həyat tərzini təbliğ edən
mövzular üzrə layihələr həyata keçirilməli, çap vəsaitləri, sosial
çarxlar hazırlanmalı və əhali arasında geniş yayılmalıdır.
Bununla yanaşı, ailədaxili problemlərin həlli, eləcə də intihara
meylli şəxslərin psixoloji durumunun nəzarətdə saxlanılması, ailə
üzvlərinin, əzizlərinin və yaxınlarının daim xüsusi diqqət və qayğı
göstərməsi onların üzləşdiyi bu çətin vəziyyətdən çıxışına müsbət
təsir göstərə biləcək amillərdəndir.
Eyni zamanda, daha əvvəl də qeyd etdiyim kimi, sosial şəbəkələrdə
və mediada insanların psixologiyasına mənfi təsir göstərə biləcək
informasiyaların yayımlanmaması da intihar hallarının azalması ilə
nəticələnə bilər.
Hesab edirəm ki, müasir dövr üçün çox aktual olan sosial problemə
qarşı komplek şəkildə mübarizə aparmaq məqsədilə Azərbaycanda
intiharların qarşısının alınması Milli Fəaliyyət Planı hazırlanması
və təsdiq olunaraq həyata keçirilməsi prosesi
sürətləndirilməlidir.
- Səbinə xanım, bu əhəmiyyətli mövzuda müsahibəyə görə Sizə təşəkkürlərimizi bildiririk.
- Çox sağ olun, göstərdiyiniz təşəbbüsə görə mən də Sizə təşəkkür edirəm.