Bakı. Trend:
Qarabağdakı erməni separatçıların qəti məğlubiyyəti sürətli və qəfil oldu.
Trend xəbər verir ki, bu barədə "EU Reporter" saytında Azərbaycan ordusunun Qarabağda keçirdiyi son antiterror tədbirləri ilə bağlı dərc olunan məqalədə deyilir.
"Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər silahları təhvil verməyə razı oldular. Onların qəti məğlubiyyəti sürətli və qəfil oldu, nəticədə Bakının öz ərazisi üzərində tam suverenliyini bərpa etməklə bağlı qətiyyəti qarşısında bu məğlubiyyət qaçılmaz idi", - deyə materialda qeyd olunur.
Məqalədə deyildiyi kimi, bütün beynəlxalq ictimaiyyət həmişə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıb.
"2020-ci ildə hərbi əməliyyatlar başlayandan Azərbaycan aydın şəkildə bildirdi ki, bütün Qarabağın tam reinteqrasiyasına heç bir alternativ qəbul etməyəcək. Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov erməni hərbçilərin silahları yerə qoymalı və təslim olmalı olduğunu, "yaxud nəticələrlə üzləşəcəklərini" qeyd edib və əlavə edib ki, bu, həm Azərbaycan üçün, həm də suverenliyi üçün bu kimi təhdidlə qarşılaşan istənilən digər ölkə üçün ədalətlidir.
Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan çox miskin şəxsiyyətdir. 2020-ci ildə müharibədə məğlub olanda birbaşa olaraq Ermənistanın Azərbaycan ərazisi üzərində heç bir iddiası olmadığını, dolayısı ilə daha müttəfiqlərinin olmadığını təsdiqlədi", - deyə materialda qeyd olunur.
Daha sonra məqalədə qeyd olunur ki, artıq Azərbaycanın qarşısında Qarabağın erməni sakinlərinin uğurlu reinteqrasiyası vəzifəsi dayanır.
"Artıq xüsusən Aİ üçün Azərbaycanın simasında təkcə etibarlı tərəfdaş və neft-qaz tədarükçüsünü görməyin deyil, həm də Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləməyin vaxtı gəlib çatıb. Bu bölgə həm özlüyündə, həm də Avropa və Asiya arasında ticarət yolu qismində böyük əhəmiyyət kəsb edir. Ticarət və əməkdaşlıq üçün sərhədləri açmaqla sülh sazişinin imzalanması səbr və inadkarlıq tələb edən mükafatdır, lakin onilliklər boyu dondurulmuş münaqişə ilə barışaraq, onun heç vaxt həll olunmayacağını gözləməkdənsə, bu cür səbr yaxşıdır", - materialda deyilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)