Bakı. Trend:
Ermənistan Azərbaycan torpaqlarını 30 ildən artıq işğal altında saxlayıb, 1 milyondan artıq azərbaycanlını öz yurd-yuvalarından qovaraq onlara qarşı soyqırımı törədib, bununla bağlı Ermənistana qarşı hər hansı sanksiyanın tətbiq edilibmi?
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniya televiziyasına müsahibəsində deyib.
Səfir Azərbaycan cəmiyyətində bəzi Avropa dövlətləri tərəfindən Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı tətbiq olunan ikili standartların təəccüb və narazılıqla qarsalandığını ifadə edib.
O əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edəndə tənqid edilir, Ukrayna isə eyni mübarizəni aparanda hər cür dəstək alır. Bu isə ikili standartların və ərazi bütövlüyü prinsipinə münasibətdə selektiv yanaşmanın göstəricisidir.
Xatırladaq ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.
Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
WELT TV
https://www.youtube.com/watch?v=TQ1HNUvOvOY
https://www.facebook.com/677737723/videos/688821363179495/ (ingilis dilində subtitrlərlə)